BAKI, 19 apr — Sputnik. "Taksilərin çörəyinə bais olmaq kimi demirəm, amma universitet başqa yerə köçürülənə qədər bu küçədə taksi dayanacağı və parkomatlar olmamalıdır".
Bu sözləri Sputnik-in əməkdaşı ilə söhbətində, özünü Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə müəllimi kimi tanıdan Rəna Quliyeva deyib. "Elmlər Akademiyası" metrostansiyasının çıxışından üzü Bakı Dövlət Universitetinə qədər yol boyu hər gün tıxac olduğunu söyləyən Quliyeva, bütün tərəfləri razı salacaq plan hazırlanmasını vacib sayır.
"Bu küçədə çoxlu restoranlar, mağazalar, internet klublar və s. obyektlər var. Aydın məsələdir ki, dükan sahibləri işə maşınla gəlib-gedirlər və avtomobillərini burada park etməyə məcburdurlar. Bu siyahıya tələbələri də aid eləmək olar. Maşallah, demək olar ki, hər iki tələbədən birinin maşını var. Amma əsas problem aidiyyəti olmayan maşınların da küçədə dayanmasıdır", —deyə müəllim bildirdi.
O, hesab edir ki, bu problem aradan qalxmadıqca, küçədə rahat nəfəs almaq mümkün olmayacaq: "Məsələn, imkanlı ailədən olan ancaq, BDU-da oxumayan o qədər avara var ki, hər gün öz bahalı maşınları ilə universitetin qarşısında dayanıb qızlara tamaşa edirlər. Buna bir çarə tapılmalıdır. Ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyətindən xahiş edirəm, universitetin qarşısında avtomobil saxlamağa icazə verilməsin".
BDU ilə üzbəüz yerləşən "Sinam" şirkətinin nümayəndəsi Rauf Əliyev də əməkdaşımızla söhbətində, yer problemi olduğuna görə işə metro ilə gedib-gəldiyini deyib: "Maşınım var, amma işə metro ilə gəlib-gedirəm. İşim saat 10-da başladığı üçün, mən gələnə qədər bütün yerlər dolur. Ona görə məcbur metrodan istifadə edirəm. Yoxsa kim maşını qoyub metro ilə gələr ki?!".
Ərazi, həqiqətən keçilməz labirinti xatırladır. Bir zamanlar, küçədə hərəkəti sıxlaşdırır, tıxac yaradır deyə, kənarlardakı ticarət obyektlərini sökdülər. Lakin görünən odur ki, bu proses küçədəki tıxac problemini həll edə bilməyib.
Küçəboyu apardığımız müşahidələr zamanı, yol kənarlarında xeyli sayda taksinin dayandığını gördük. 5-10 manat çörək pulu üçün gecəsini gündüzünə qatan sürücülər, başqa əlaclarının olmadığını bildirirlər.
"Bəs nə etməliyik? Harada dayanmalıyıq? Nəzərə alın ki, dünyanın hər yerində taksilər, sıx yerlərdə dayanmağa üstünlük verir. Sakit küçələrdə kim minəcək taksiyə? Bizim çörək pulumuz da burdan çıxır", — deyə taksi sürücüsü Kamil Əbdüləzimov gileyləndi.
O, təklif edir ki, hökumət taksi dayanacaqlarını yox, bəzi parkomatları ləğv etsin: "Özünüz də görürsünüz ki, tələbələrin demək olar ki, hamısı dərsə maşınla gəlir. Axı bu, nəyə lazımdır? Universitet elə bir böyük ərazidə yerləşmir ki, qabağında da maşınlar dayansın. BDU nə vaxt geniş əraziyə köçürülsə, onda tələbələrə icazə versinlər ki, dərsə maşınla gəlsinlər. Həm də nəzərə alın ki, onlar dərsə gəlmək, biz isə pul qazanmaq dalınca şəhərə çıxırıq".
Bu gün, parkomatlar harada gəldi, qoyulub və bu, heç də tıxac problemini həll etmir. Sakinlər bir çox parkomatların nəqliyyat vasitələrinin hərəkətinə maneə törətdiyini, parkomatlarla avtobus dayanacaqları arasında məsafənin az qoyulduğunu bildirirlər.
Mövzuya münasibət bildirməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin BŞİH-dən Sputnik-ə bildirildi ki, həmin qurumun əlaqə nömrələri onlarda yoxdur.
Qeyd edək ki, parkomatların quraşdırılması işi Bakı Şəhər İcra hakimiyyətinə həvalə olunub.