BAKI, 18 apr — Sputnik. "Əhali milli valyutaya etibar etmir, yəni əhalidə növbəti devalvasiya gözləntisi var. İqtisadiyyatımızda müsbət dəyişikliklər olmadığı üçün, manatla əmanət qoyan yoxdur".
Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib. "Ümumən də banklarda əmanətlərin həcmi düşür. Bu, dollarda olan əmanətlərə də aiddir. Bu da onunla bağlıdır ki, əmanətlərin tam sığortalanması bəyan edilsə belə, bir sıra banklar var ki, əhalinin əmanətlərini qaytarmır. Vətəndaş banka gedir ki, pulumu ver, bank da vermir. Bankın pulu yoxdur", mütəxəssis vurğulayıb.
Ə. Həsənovun fikrincə, əmanətləri qaytara bilməyən banklar bağlanmalıdır: "Halbulki istənilən bank əmanəti 5 gün ərzində qaytarmalıdır. İndi həmin banklar aylarla o pulu vermir, hamı da bunu görür, eşidir. Belə olan təqdirdə banklara etibar edilmir".
"Digər tərəfdən də əmanətlərin tam sığortalanması Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirilir. Həmin Fondun da dövlətə aidiyyəti yoxdur. Bu, dövlət zəmanəti deyil. Yəni, sabah Fondun özündə vəsait kifayət etməsə, əmanətləri heç kəs qaytarmayacaq. Ona görə də ölkənin bank sisteminə etimad yoxdur və vəziyyət bu şəkildədir", —deyə ekspert bildirib.
Vəziyyətdən çıxış yollarına gəlincə, maliyyə mütəxəssisi deyib: "İlk növbədə ölkədə bütün qeyri-sağlam banklar bağlanmalıdır və mövcud olan bankların fəaliyyəti tam şəffaf olmalıdır. Üçüncüsü, bankların problemli kreditlər məsələsinə ciddi nəzarət edilməlidir. Bütövlükdə maliyyə intizamını gücləndirmək lazımdır. Əhali görməlidir ki, banklara nəzarət var. Bu gün bank nəzarəti Mərkəzi Bankdan alınıb, Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Amma hələlik Palatanın fəaliyyətini görmürük. Orada müəyyən quruculuq işləri gedir".
Milli valyutaya olan etibara gəldikdə isə, ekspert hesab edir ki, Mərkəzi Bankın rəhbərliyi dəyişilməlidir: "Ölkədə iki dəfə devalvasiya oldu. Bundan sonra Mərkəzi Bankın rəhbərliyinə kim inanar?".
Qeyd edək ki, millət vəkili Vahid Əhmədov parlamentin plenar iclasında deyib ki, bank sistemində kredit portfeli çox aşağı səviyyədədir: "Banklarda əmanətlərin təxminən 83 faizi dollardadır. Biz əmanətlərin sığortalanması haqqında qəbul etsək də, manatla demək olar ki, proseslər həyata keçirilmir".
Onun sözlərinə görə, bu vəziyyətin aradan qaldırılması üçün çox ciddi addımların atılmasına ehtiyac var: "Əgər qısa müddətdə bank sistemində islahatlar həyata keçirə bilməsək, Azərbaycanın iqtisadiyyatında ciddi problemlər yaşanacaq".