BAKI, 18 apr — Sputnik. Aprelin 19-da Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd olan partiya nümayəndələrini müəyyənləşdirəcək növbəti praymeriz keçiriləcək. Sputnik RİA-ya istinadən xəbər verir ki, Demokratlar Partiyasından olan keçmiş dövlət katibi Hillari Klinton əsas rəqibi olan, Vermont ştatının senatoru Berni Sandersi inamla üstələyir.
Belə ki, NBC telekanalı, "The Wall Street Journal" qəzeti və Nyu-York Marist Kollecinin sosioloji xidmətinin apardığı sorğu bu ştatda Klintonu dəstəkləyən seçicilərin 57, B.Sanders tərəfdarlarının isə 40% təşkil etdiyini göstərib. Xanım Klintonu ən çox dəstəkləyənlər də elə məhz xanımlardır: 60%. Bu mənada Sandersin göstəricisi 37%-dir. Elə kişi seçicilər arasında da Klinton Sandersi üstələyir — 44%-ə qarşı 53%.
"The New York Times" qəzetinin hesablamasına görə, hazırda Hillari Klinton artıq Demokratlar Partiyasının Milli Qurultayının 1 776 nümayəndəsindən dəstək alıb. Berni Sandersdə bu göstərici 1 118 səsdir. Demokratik Partiyasından prezident postuna namizədliyi irəli sürülmək üçün qurultayın 2 383 nümayəndəsinin dəstəyi tələb olunur.
Respublikaçıların düşərgəsində isə milyarder Donald Tramp inamla lider mövqeyini qoruyub saxlayır. "Optimus" Araşdırma Xidmətinin Respublikaçılar Partiyasının sifarişi əsasında Nyu-York ştatında keçirdiyi son sorğunun nəticələrinə görə Donald Trampı respublikaçı seçicilərdən 49%-i dəstəkləməyə hazırdır. Ohayo qubernatoru Con Keysikin dəstək göstəricisi 23%, Texas senatoru Ted Kruzununku isə 14% təşkil edir.