Müasir dövrdə komediya janrında çəkilmiş filmlər və seriallar daha çox gəlir gətirir, nəinki hansısa dramatik mövzulu ekran əsərləri. Azərbaycan tamaşaçısının tələbəi də hazırda bu yöndədir.
Sputnik əməkdaşı mövzuda, ssenarist və aktyor Tərlan Nur-Yaşarla həmsöhbət olub. Qeyd edək ki, o, "Qardaşlar", "Qız atası" və "Eks bacanaqlar" seriallarının ssenari müəlliflərindən biridir.
- Tərlan bəy, müasir yumor dedikdə, qurşaqdan aşağı zarafatlar yada düşür. Siz də yazdığınız ssenarilərdə və çəkildiyiniz rollarda buna meyllisiniz?
— Ümumiyyətlə müasir yumor 18+ — a meyllidir. Bu günün tamaşaçısı düşünməyi xoşlamır. İqtisadi durum elə vəziyyətdədir ki, insanlar rahat və komediya filmlərinə baxmağa üstünlük verirlər. Bu, günün tələbidir. Zaman gələcək, daha ciddi filmlərə üstünlük veriləcək. Bu günün həqiqəti isə belədir. Serialların ssenarisini yazanda da çalışırıq ki, qurşaqdan aşağı zarafatlar olmasın. Bizim serial yazan ssenaristlərimiz üçün yazılmamış bir qanun var. Biz özümüz ailəmizlə oturub baxa bilməyəcəyimiz bir filmi başqalarının ailələrinə göstərmirik.
- Çox insanların fikrincə, müasir dövrdə çəkilən filmlərdə bayağı zarafatlar ifrat dərəcədədir. Qatılırsınız bu fikirlərə?
— Kənardan danışan insanlardan xoşum gəlmir. Belə bacarığın varsa, get çək. Amma danışma. Bileti alıb gedib baxırsansa, bizi günahlandırma. Biz öncədən filmin reklamını veririk. Alıcı bu reklam çarxına baxıb sonra gedib bütün filmə baxır. Təbii, yaxşı film olmasa, baxan olmayacaq və kinoteatr nümayişini saxlayacaq. Yenə deyirəm, müasir dövr nəyi tələb edirsə, ona uyğun hərəkət edirik. Bir sözlə, belə tənqidlə razı deyiləm.
- Komediya janrı yaxşı gəlir gətirir. Tərlan Nur-Yaşar, tələbat komediyaya olduğu üçün bu janıra üstünlük verir?
— Mən düşünürəm ki, hər kəs öz bacardığı işlə məşğul olsa, daha yaxşı uğur qazanar. Mənim bacardığım iş də komediyadır. Şən və Hazırcavablar Klubundan bu sənətə gəldiyimiz üçün, bu işi daha yaxşı bacarırıq. Mən düşünürəm ki, ciddi mövzuları daha yaxşı yazanlar var deyə, bizə müraciət etmirlər.
- Aktyor olmayan, bu sahədən uzaq olan başqa peşə sahiblərinin seriallara çəkilməsi nə dərəcə uyğundur?
— Biz seriallarımıza aktyor axtarmırıq, xarakter axtarırıq. Xarakteri varsa, insanda aktyor olmasa da, olar, aktyor olsa, lap yaxşı. Hələ ki seriallarımız reytinqlərdə birincidir. Düzü, bundan da yaxşı ola bilər, amma indiki aktyorlarımız da bizi qane edir.
- 3 seriala hər həftə ssenari yazmaq çətin deyil?
— Əslində, ikinci seriala başlayanda hamı deyirdi ki, çətin olacaq. Sonra "Qardaşlar" serialı açıldı. Düzü, bu dəfə hər kəs çəkinirdi ki, artıq keyfiyyət olmayacaq, zaman çatmayacaq. Amma belə olmadı. Çatdırırıq. Əslində çətin işlər görmək daha yaxşıdır.
- Ssenari yazılarkən gündəmdəki hadisələri nəzərədə alırsınız?
— Əlbəttə. Hətta tamaşaçı diqqətlə baxsa, daha çox gündəlik həyatda baş verənləri filmlərdə görə bilər. Onu da qeyd edim ki, İranda 10 milyondan çox insan bizim filmləri izləyir, Ukrayna, Türkiyə, Belarus və Rusiyadan çoxlu izləyicilərimiz var. Bu, bizim üçün böyük uğurdur.
- Təndiqə münasibətiniz necədir?
— Tamaşaçıları, demək olar, biz görmürük. Bəlkə başqa aktyorları tənqid edirlər. Mənim qarşıma çıxmayıb. Amma komanda olaraq özümüz-özümüzü tənqid edirik. Belə olmasa, inkişaf ola bilməz.
- Gündəlik həyatdakı problemlərlə məşğul olarkən, paralel komediya ssenarisi yazmaq və hansısa komik obrazı canlandırmaq bir araya necə sığır?
— Atam rəhmətə gedəndə iş yerindən zəng etdilər ki, gələ biləcəm, ya yox. Oturub fikirləşdim ki, mən getməsəm, 50-60 nəfərlik heyət işsiz qalacaq. Və bu günlər ərzində truppa pulsuz qalacaq. Bəhanə lazım deyil. İşimiz budur, oynamalıyıq. Amma psixoloji drumuna görə rollarından imtina edən aktyorlar az deyil. Əsas odur işini sevəsən.