BAKI, 15 apr — Sputnik. "2015-ci ildə Hesablama Palatasının iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə biri ekspert-analitik təhlil olmaqla 84, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 24 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar verilib. Bir audit tədbiri audit dövründə həmin qurumun vəzifəli şəxsləri ilə bağlı aidiyyəti orqanlar tərəfindən cinayət işinin başlanılması səbəbindən dayandırılıb, 1 audit tədbiri isə növbəti ilə keçirilib".
Sputnik xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti ilə bağlı hesabatı təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov deyib. "Bundan əlavə, hesabat ilində 2014-cü ilin iş planı üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb və bu hesabata daxil edilib. 2015-ci ildə başa çatdırılmış nəzarət tədbirləri 175 qurumun, o cümlədən 29 rayon icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının xarici ölkələrdəki 4 diplomatik korpusunun fəaliyyətini əhatə edib", —deyə V. Gülməmmədov bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri üzrə nöqsanların qruplaşdırılmasını aparsaq, əsasən əməyin ödənilməsi, əsas fondların təmiri, tikintisi və bərpası işlərində, dövlət satınalmalarının həyata keçirilməsində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanların böyük xüsusi çəkiyə malik olduğunu görərik: "Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin gəlirləri, dövlət büdcəsinin xərcləri, Baş Prokurorluğa göndərilmiş materiallar və əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin nəticələri nəzərə alınmaqla, 10286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib".
Palata sədri qeyd edib ki, həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, audit olunan qurumlar tərəfindən ümumilikdə 49,2 milyon manat məbləğində vəsait vahid büdcə təsnifatı ilə təsdiq edilmiş iqtisadi və funksional təsnifat kodu üzrə icra olunmayıb: "Son dövrlərdə aktuallaşan bir məsələ də məhz vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlıdır və artıq bununla əlaqədar müvafiq qanunvericilik aktlarına zəruri əlavələr olunmaqdadır. Mövcud qanunvericilik aktlarında ümumiyyətlə təyinatdan kənar xərc anlayışına dəqiq izah verilməsinə ehtiyac var".
"Belə ki, təyinatdankənar xərc dedikdə, büdcədən ayrılan vəsaitin yalnız vahid büdcə təsnifatının funksional və iqtisadi təsnifat üzrə icra edilməməsi ilə yanaşı, malın və görülmüş işin optimal qiymətə ödənilməməsi səbəbindən artıq vəsaitin xərclənməsi, vəsaitlərin ünvanlı ödənilməməsi və xərclər smetasında planlaşdırıldığı kimi, icra edilməməsi də başa düşülməlidir. Bu anlayışın müfəssəl təsviri nəzarət tədbirlərinin effektiv nəticələnməsinə yardımçı olacaq", —Gülməmmədov əlavə edib.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.