CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hesablama Palatası qaçqınları israfçılıqda günahlandırır

© AZƏRTACNazirlər Kabineti
Nazirlər Kabineti - Sputnik Azərbaycan
Abunə olmaq
Palata Nazirlər Kabinetinə təklif göndərib: "Ölkənin müxtəlif regionlarında məskunlaşmış qaçqın və köçkünlər yerli əhaliyə nisbətən 2,5 dəfə daha artıq elektrik enerjisi sərf edir"

BAKI, 13 apr — Sputnik. Azərbaycanda qaçqın və məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinin haqqının ödənilməsi üçün 2014-cü ildən dövlət büdcəsindən təxminən 61,0 mln. manat məbləğində vəsait sərf edilib. Sputnik-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2016-cı ildə Nazirlər Kabinetinə təqdim etdiyi təkliflərdə bildirilib.

Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi - qaçqınlarla görüş - Sputnik Azərbaycan
Dövlət Komitəsi məcburi köçkünləri sui-istifadədən əl çəkməyə çağırdı

Təkliflərdə göstərilir ki, ölkənin müxtəlif regionlarında məskunlaşmış qaçqın və köçkünlər yerli əhaliyə nisbətən 2,5 dəfə daha artıq elektrik enerjisi sərf edir: "Aparılmış təhlillər göstərir ki, məskunlaşmamış qaçqınlar və məcburi köçkünlər tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisinin həcmi yerli əhalinin istehlak həcmindən nəzərəçarpacaq dərəcədə çoxdur. Həmçinin qeyd edilməlidir ki, bu fərq eyni yaşayış şərtlərinə malik yerli və məcburi köçkün ailələrinin istehlakında da müşahidə edilir. Belə ki, xidmət göstərən təşkilatlardan alınmış məlumatlara görə, respublikanın bütün rayon və şəhərlərində yerli əhalinin orta istehlak göstəricisi 60-80 kVt/saat həcmindədirsə, imtiyazlı kateqoriya üzrə bu göstərici 150 kVt/saat, başqa sözlə, normativ aktla müəyyən edilmiş həcmdədir. Diqqətə çatdırmaq istərdik ki, bu meyl respublika üzrə qazla təchizat səviyyəsinin genişləndiyi bir şəraitdə də dəyişməz qalıb".

Palata hesab edir ki, məcburi köçkünlərin istehlak normasının digər kateqoriyalarla müqayisədə yüksək müəyyən edilməsi qeyri-səmərəli istehlaka yol açır: "Qeyd edilənləri, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş genişmiqyaslı tədbirləri, respublika ərazisinin, demək olar ki, tam olaraq qazla təchiz edildiyini, həmçinin məcburi köçkünlərin istehlak normasının digər kateqoriyalarla müqayisədə yüksək müəyyən edilməsinin qeyri-səmərəli istehlaka yol açdığını nəzərə alaraq məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin adambaşına aylıq elektrik enerjisi normasına yenidən baxılması təklif olunur".

Qurum həmçinin müəyyən edib ki, imtiyazlı təbəqə bir çox hallarda qanunvericiliyin tələblərini pozur: "Aparılmış araşdırmalar nəticəsində imtiyazlı kateqoriyadan olan şəxslərə büdcə vəsaitləri hesabına qanunvericilikdə müəyyən edilmiş güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmadığı halda, məcburi köçkünlərin əkin sahələrinin suvarılması üçün əlavə vəsaitlər ödənildiyi də müəyyən edilib. Məcburi köçkünlərin əkin sahələrinin suvarılması isə onlara qanunvericilikdə müəyyən edilmiş büdcə vəsaitləri hesabına güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmayıb".

Palatanın təkliflərində əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinə qənaət barədə deyilir: "Aparılmış həmin nəzarət tədbirinin nəticələri ilə əlaqədar Komitənin Palataya cavab məktubunda əkin sahələrinin suvarılması üçün büdcə vəsaitlərinin xərclənməsinin məcburi köçkünlərin məşğulluq problemlərinin qismən həllinə nail olunması məqsədi ilə həyata keçirildiyi bildirilib. Qanunvericilikdə nəzərdə tutulmadığı halda məcburi köçkünlərin istifadəsində olan əkin sahələrinin suvarılmasının dövlət hesabına ödənilməsi, həmçinin mümkün olduğu halda suyun dəyərinin daha aşağı tariflə ödənilməməsi bu istiqamətdə büdcə vəsaitlərinin daha qənaətli sərfinə ehtiyac olduğunu göstərir."

Xəbər lenti
0