BAKI, 15 apr — Sputnik. Avropa, İslam fundamentalistlərinin törətdiyi bir neçə terror aktı ilə qarşılaşandan sonra, bu coğrafi məkanda məskunlaşmış müsəlmanlarla necə rəftar etmək barədə baş sındırmalı olub. Suriya başda olmaqla İŞİD-in tapdağı altında qalan Orta Şərqdə həyata keçirilən hərbi əməliyyatlar Avropanı əməlli-başlı miqrant axını ilə üz-üzə qoyub.
Avropa aylardır, müsəlman miqranlarla bağlı böhranı necə aradan qaldırmaq barədə düşünür. İllər əvvəl Avropanı multikultural bir müstəviyə çevirməyi hədəfləyən ölkələr artıq bir-birinin ardınca bu dəyərlərdən imtina etməyə başlayır.
Qapılarını müsəlman miqrantların üzünə bağlayan Avropada miqrant axınının yükünü ən çox çəkən Almaniyadır. O Almaniya ki, multikulturalizmin beşiyi sayılırdı. Amma Almaniyanın federal kansleri Angela Merkel öz çıxışlarında açıq mətnlə deyir ki, "multikulturalizm Avropaya bədbəxtliklər gətirir və Avropanı bu dəyərdən imtina etməyə vadar edir".
Bəlkə də elə bu günlərdə Angela Merkeli hökumət başına keçirən siyasi qüvvənin — Xristian-Sosialist Birliyi Partiyasının baş katibi Andreas Şoyerin Avropada İslamın ayrıca cərəyanını yaratmağı hədəfləyən qanunçuluq təşəbbüsü ilə çıxış etməsinə məhz bu amil səbəb olub. Şoyer deyib ki, Almaniyada fəaliyyət göstərən məscidlərin xaricdən maliyyələşdirilməsinə qadağanı nəzərdə tutan, Almaniyada İslam haqqında qanun qəbul olunmalıdır.
"Xaricdən, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanından məscidlərin və müsəlman uşaq bağçalarının maliyyələşməsi dayandırılmalıdır. Bütün imamlar Almaniyada təhsil almalıdır, onlar Almaniyanın əsas dəyərlərini paylaşmalıdır", deyən Şoyerin fikrincə, müsəlmanlar ibadətlərini alman dilində etməlidir.
Xristian-Sosialist Birliyinin yaxında Şoyerin bu təklifini Bundestaqın müzakirəsinə çıxaracağı istisna edilmir.
"Rusiya təcrübəsini öyrənsinlər"
Sputnik Almaniyanın daxilində baş verən bu problemlərin doğurduğu "İslam haqqında qanun"a müsəlman aləminin necə yanaşdığını aydınlaşdırmaq istəyib. Agentliyin bununla bağlı müraciət etdiyi Rusiya Müftiləri Şurası sədrinin birinci müavini Ruşən Abbasov sözügedən təklifə müsbət yanaşdığını deyib
"Mənim fikrimcə, bu, doğru addımdır. Avropadakı miqrantlar mütləq cəmiyyətə inteqrasiya olmalıdırlar, məskunlaşdıqları dövlətin dilini öyrənməlidirlər. Amma bu zaman öz milli kimliklərini — dinlərini, dillərini, mədəniyyət və adət-ənənələrini unutmamalıdırlar!", —sədr müavini bildirib.
Abbasov Qərbi Rusiyadan nümunə götürməyə çağırıb: "Mən Qərbi Rusiya təcrübəsini nümunə götürməyə çağırıram. Bizim ölkədə İslam təhsili sistemi dövlət tərəfindən maliyyələşdirilir. Təlimlər rus dilində keçirilir ki, bu da miqrant-tələbələrə Rusiya cəmiyyətinə daha tez adaptasiya olunmaq imkanı verir. Təhsili başa çatdırdıqdan sonra tələbələr teologiya ixtisası üzrə dövlət diplomu alırlar. Və biz nəticədə hazırda Avropanın üzləşdiyi çətinliklərlə üzləşmirik".
"Şərt deyil ki, ibadəti məhz ərəb dilində edəsən"
Azərbaycanlı ilahiyyatçı Elşad Mirinin fikrincə, hər bir dövlət çalışır ki, sabah ona problem yarada, qarşı çıxa, terror anlayışına gətirə biləcək məsələlərdən özünü sığortalasın: "Əgər bu gün Avropa İslam deyəndə Əfqanıstandakı Talibanı, yaxud, İraqdakı, Suriyadakı İŞİD-i nəzərdə tutursa, özünü sığortalamağa çalışacaq. Bütün bunlar hər bir dövlətin təhlükəsizliyi üçün də vacibdir".
"Digər tərəfdən insanlar bilmək istəyirlər ki, görəsən həqiqətən də müsəlmanların əllərində əsas kimi tutduqları bu kitabda nə yazılıb?! Bu gün Avropadakı problemləri yaradan İslam, Allahın endirdiyi din deyil, insanların uydurduğu dindir. Ona görə də avropalılarda İslamla bağlı fərqli təsəvvür formalaşıb", —deyə ilahiyyatçı qeyd edib.
E. Mirinin sözlərinə görə, bu gün Avropada, Almaniyada İrandan, Türkiyədən, Səudiyyə Ərəbistanından gəlmiş din adamlarının dini təbliğ etməsinə qarşı müqavimət çox düzgündür: "Amma ibadətləri alman dilində etmək bir qədər doğru çıxmır. Sən dualarını yenə də alman, ingilis dilində edə bilərsən. Buna heç kəs məhdudiyyət qoya bilməz".
Onun fikrincə, uşaq bağçalarının, məscidlərin xaricdən maliyyələşdirilməsi düzgün deyil: "Yerli bələdiyyələr, dövlət qurumları bu maliyyələşməni öz hesablarına həyata keçirə bilərlər".
İlahiyyatçı hesab edir ki, namazda ərəbcə oxunan bir neçə surədən başqa, duaları istənilən dildə etmək mümkündür: "Allah bu dilləri özü yaradıb və bilir ki, dua edən nə deyir. Sadəcə mahiyyət ondan ibarətdir ki, ərəb dili bütün müsəlmanları "Quran" ətrafında birləşdirən vasitədir. Namazda ərəbcə deyilən sözlər cəmi 15-16 sətirdir. Əgər 15-16 sətirlik sözün mənasını bilməyəcəyiksə, onu öyrənməyəcəyiksə, o namazı niyə qılırıq?".
İlahiyyatçının sözlərinə görə, İslamda belə bir şərt yoxdur ki, namazı, ibadəti məhz ərəb dilində etməlisən: "Əbu Hənifə demişdi ki, əgər sən yaşlısansa, öyrənməkdə çətinlik çəkirsənsə, öz dilində namaz qıla bilərsən. Amma peyğəmbərimizin ətrafında Efiopiyadan, Bizansdan və s. olan insanlar var idi. Onların heç birinin namazı hansı dildə qılmaq problemi olmamışdı. Orada məqsəd namazı qılmaq idi. Sadəcə bir detala fikri vermək lazımdır ki, biz "Quran"ı tərcümədə oxuyuruq. Amma oxuduğumuz sözlər "Quran" — Allahın dediyi sözlər deyil, kimlərinsə sözləridir. Bu gün "Quran"ı tərcümə edən şəxs təzədən onun ikinci tərcüməsini ortaya çıxarır. Amma heç kəs deyə bilməz ki, ""Qurani-Kərim" ikinci nəşrdir, Allah əvvəl elə demişdi, indi belə deyib". Ona görə də müəyyən surələrin orijinalda olması daha məntiqidir".
"İnsan haqlarının fundamental prinsiplərinə ziddir"
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli isə deyib ki, hər bir xalqın dinə yanaşmasında müəyyən fərqlər ola bilər: "Bu, dini dünyagörüşü ilə bağlı məsələdir. Amma hər bir ölkənin özünə uyğun İslam modeli yaratması mümkün görünmür. Bu nəticə verən iş də deyil".
"Əlbəttə, bu, hər bir dövlətin daxili işidir, istəyər, xarici din adamlarının ölkə məscidlərində moizələr oxumasına imkan verər, istəyər verməz. Yaxud məscidlərin, müsəlman uşaq bağçalarının xaricdən maliyyələşib-maliyyələşməməsi məsələsini müəyyənləşdirə bilər. Bu, o ölkənin daxili təhlükəsizlik məsələsidir. Ola bilsin ki, almaniyalı deputat İslam haqqında qanunun yaradılmasını təklif edərkən, Avropadakı dini təhlükəni və terrorla bağlı problemləri göz önünə gətirib", —deyə Hacı Şahin bildirdi.
Almaniya demokratik ölkə olduğuna diqqət çəkən Ş. Həsənli İslamın da demokratik dəyərlərə üstünlük verən din olduğunu qeyd edib: "Amma demokratiyanın başlıca dəyərlərindən biri də insan hüquqlarına, onların dini azadlıqlarına, inanclarına hörmətlə yanaşılmasıdır. Müsəlmandan ibadəti alman dilində etməyi, namazı bu dildə qılmağı tələb etmək, onun fundamental hüququnu pozmaq deməkdir. Əlbəttə, alman dilində dini söhbətlər aparmaq olar, moizələr oxumaq olar, dua da etmək olar. Amma namazda oxunan surələr məhz "Quran"ın nazil olduğu dildə, ərəb dilində olmalıdır".
"Bu, müsəlmanlar arasında əks-reaksiyaya gətirib çıxara bilər"
QMİ sədrinin nümayəndəsi hesab edir ki, indi Avropada bu məsələnin gündəmə gətirilməsi sırf terror təhlükəsi ilə bağlıdır: "Amma bu şəkildə ortaya atmaq da təhlükəlidir. Bu, müsəlmanlar arasında əks-reaksiyaya gətirib çıxara bilər. Avropalı müsəlmanlar bunu özlərinə qarşı diskriminasiya kimi də dəyərləndirə bilərlər".
"Amma bu məsələnin ölkə qanunvericiliyi ilə tənzimlənməsi normaldır. Moizələrin alman dilində oxunması yaxşıdır. Bu, xüsusilə uşaqlara İslamı daha düzgün başa düşməkdə kömək edər. Həm də almanlar İslamı daha yaxşı başa düşərlər və bu dinə hörmətləri artar", —Həsənli əlavə edib.
Vaxtilə Türkiyədə də "Quran"ın türkcə oxunmasına uğursuz cəhdlərin olduğunu xatırladan Hacı Şahin, müqəddəs kitabda namazda oxunan surələrin hansı dildə olması barədə heç nəyin yazılmadığını deyib: ""Quran"da bu barədə heç nə yazılmasa da, peyğəmbərin özünün sünnəsi var. Qeyri millətlərdən olanlar İslamı qəbul edəndən sonra "Quran"ı ərəb dilində oxumağı öyrənmişdilər".
"Yeni problem yaratmaq istəyirlər"
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Tofiq Abbasov isə alman deputatın təklifini multikultural dəyərlər nöqteyi-nəzərindən belə izah edib: "Almaniyada və inkişaf etmiş digər Qərb ölkələrində müsəlman icmalarının problemləri çox kəskin şəkildə durub. Onlar müxtəlif bəhanələrlə, yerli hakimiyyət orqanları, mərkəzi və yerli parlamentlər qarşısında qanun layihələri, müxtəlif sənədlərlə çıxış edirlər. Çalışırlar ki, müsəlman icmalarının inkişafına, onların dini mərasimlərinin keçirilməsinə məhdudiyyətlər qoysunlar, onları hansısa çərçivəyə oturtsunlar".
"Bilirik ki, Almaniya ilə Türkiyə rəhbərliyi arasında problemlər var. Bəzi qüvvələr istəyirlər ki, mətbuatdakı abırsız çıxışları, karikaturları filan bir yerə qatıb özlərindən yeni problem çıxarsınlar. Əmindirlər ki, əgər belə bir şey olarsa, İslam dövlətlərinin tərəfində olan qüvvələr onlara sinə gərə, onları dəf edə biləcəklər. Bu, hələlik ilkin addımdır. Əgər hansısa qanunlar qəbul olunacaqsa, addımlar atılacaqsa, yəqin ki, müsəlman birliklər buna münasibətlərini bildirəcəklər", —deyə T. Abbasov vurğulayıb.