BAKI, 15 apr — Sputnik. "Bu gün həm ölkəmizdə, həm də dünyada Ermənistan ilə Azərbaycan arasındakı 4 günlük müharibə əsas müzakirə mövzusudur. Bu savaş nəyi göstərdi? Uzun illər müxtəlif beynəlxalq dairələrin dilindən eşitdiyimiz, "siyasi danışıqların alternativi yoxdur" kəlamının əksini gördük".
Sputnik xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib. "Bəlli oldu ki, hərbi yol ən ədalətli yoldur. Yetər ki, Ermənistan ilə Azərbaycan hərbi meydanda təkbaşına üz-üzə qalsın. Azərbaycan ordusu bu ədaləti təmin edəcək", —deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın dövlət siyasəti bu 4 günlük müharibə dövründə kifayət qədər balanslı və neytrallığa yaxın oldu, birinci Qarabağ savaşından fərqli oldu: "Məhz buna görə də Ermənistan tərəfi hiddətlənir, özünü Rusiyadan guya üzülüşmək istəyən tərəf kimi göstərir".
"Sual olunur ki, rusların Azərbaycana köməyi ilə biz Qarabağı almışıqmı ki, onlar belə hiddətləniblər? Bəlkə ruslar kömək edib, biz İrəvanın 20 faizini ələ keçirmişik?", — millət vəkili deyib.
Z. Oruc qeyd edib ki, beynəlxalq təşkilatlar xüsusilə də AŞPA-nın rəhbəri ədalətli bir mövqe göstərdi: "Bu, beynəlxalq qurumların çoxu üçün nümunə ola bilər. Ermənistan hərbi və siyasi cəhətdən təklənmiş göründü".