BAKI, 15 apr — Sputnik. Bu gün parlamentin plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Sputnik xəbər verir ki, dəyişikliklərə görə, Qanunun 28-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində "Cinayət" sözündən sonra "və ya inzibati həbs nəzərdə tutan inzibati xəta" sözləri əlavə edilir və "qanunvericiliyinə" sözü "Mülki Prosessual Məcəlləsinə" sözləri ilə əvəz olunur.
Təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlərin tətbiq edilməsini nəzərdə tutur.
Millət vəkilləri deyiblər ki, bu dəyişikliklər qanunda mövcud olan boşluqları dolduracaq və bu, olduqca vacibdir. Belə insanların müalicəyə qoşulması vacibdir. Gələcəkdə bunun dəqiq mexanizminin hazırlanması mühümdür. Müəyyən normaları nəzərə almalıyıq ki, insanların hüquqları pozulmasın.
Müzakirələrdən sonra layihə birinci oxunuşda səsə qoyularaq qəbul olunub.