Hikmət Orhun, Sputnik Azərbaycan
Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə…
deyən dahi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində, bəy nəslinə mənsub ailədə anadan olub. Səməd Yusif oğlu Vəkilovun mənsub olduğu Kosalı ağalarının, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir.
Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşayıb. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində alıb.
6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Ana babası Mehdixan ağa "Köhənsal" təxəllüsü ilə şeirlər yazan el şairi kimi tanınıb. Ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindəndir.
Azərbaycanın ilk xalq şairi kimi tanınan Səməd Vurğunun doğulduğu Yuxarı Salahlı kəndində fəaliyyət göstərən ev muzeyi onun ölümündən iyirmi il sonra 1976-cı ildə yetmiş illiyi münasibəti ilə açılıb. O gündən bu günə rayondakı müxtəlif ədəbi tədbirlərin, poeziya bayramlarının keçirildiyi muzey bir növ bölgədəki şair və yazıçıların doğma ocağına çevrilib.
"Şairlər diyarı" kimi məşhur olan Qazax rayonunun şeirə, sənətə böyük qiymət verən insanlarının daimi ziyarətgahına çevrilən muzey fəaliyyətə başladığı gündən bu yana bir çox tədbirlərə, yığıncaqlara qucaq açıb. Kitabı işıq üzü görən müasir qələm adamları öz təqdimat mərasimlərini çox zaman burada keçirir və bir növ yaradıcılıqlarındakı yeniliklərlə bağlı ustada hesabat verirlər.
Təxminən altı-yeddi il qabaq martın 21-i Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının təşkilatçılığı ilə keçirilən və o zaman bir ənənəyə çevrilən Səməd Vurğun poeziya bayramlarında kənd camaatı, rayon ziyalılar ilə yanaşı, ölkənin dörd tərəfindən gələn qonaqlar həm şairin doğum gününü qeyd edir, həm də Novruz bayramını qarşılayırdılar.
Son vaxtlar muzeyə baş çəkənlərin sayı az olsa da, ədəbiyyata, tarixə və tarixi şəxsiyyətlərə qiymət verən insanlar heç zaman unutmur, hər zaman baş çəkib, muzey bələdçilərinin köməyi ilə şairi xatırladan, onu özündə yaşadan ekspanatlarla tanış olur, şəkil çəkdirir, xatirə dəftərinə ürək sözlərini yazırlar.
Muzeyin bələdçisi Ziba Məmmədova deyir ki, bir foyedən, dörd otaqdan ibarət olan muzeydə ovçuluğa böyük marağı olan şairin ruhunu şad etmək üçün kiçik təbiət guşəsi yaradılıb: "Şeirlərindən də aydın olur ki, şairin ovçuluğa böyük marağı olub. Yay aylarında gününü təbiət qoynunda keçirən şairin ruhu şad olsun deyə, yaradılmış kiçik təbiət guşəsində bir növ şəlalələrlə əhatələnmiş meşə təsvir olunub, büstü qoyulub. Sonrakı otaqlarda isə onun şəkillərindən ibarət guşələr, şeirləri həkk olunmuş lövhələr quraşdırılıb".
O bildirib ki, şairin qızı Aybəniz Vəkilova tərəfindən bağışlanan piano və anası Məhbub xanımdan yadigar qalan samovar da muzeyin əsas qiymətli eksponatlarındandır: "Muzeyimizdə şairin sağlığında və onun ölümündən sonra çap olunan bütün kitabların nüsxələri, ov setkası, patrondaşı, köynəyi, stolüstü şamdanı xatirə kimi qorunub saxlanır və muzeyi ziyarətə gələn insanların marağına səbəb olur. Əlavə olaraq deyim ki, muzeydə şairin onuncu sinif şagirdi Eyyubova Aynur tərəfindən hazırlanmış portreti saxlanır. Portret günəbaxan tumlarından, düyüdən və buğdadan hazırlanıb".
Muzey ədəbiyyat adamları, ziyalılarla yanaşı orta məktəb şagirdləri və tələbələrin də hər zaman böyük marağına səbəb olub və onların əsas ziyarət yeridir. Güləsər müəllimənin dediyinə görə, müəllimlərin rəhbərliyi ilə təşkil olunan bu ziyarətlər uşaqların şairin yaradıcılığına ayrılmış dərsi mənimsəmələrinə müsbət təsir edir.
Qeyd edək ki, biz muzeydə çəkiliş aparan zaman son günlər cəbhədə baş verən atışmalarda şəhid olan hərbçilərimizin xatirəsinə kənd məktəbləri tərəfindən anım tədbiri təşkil olunmuşdu. Tədbirdə orta məktəb şagirdləri hərbi vətənpərvəlik mövzusunda şeirlər səsləndiriblər.