BAKI, 9 fev — Sputnik. Fevralın 8-də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş "Zəmanəsindən irəli getmiş şəxsiyyət —Nizami Gəncəvi 875" başlığı altında musiqili ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının kollektivi, oxucular, 95 və 261 saylı tam orta məktəblərin şagird və müəllim kollektivi, Azərbaycan Yazıçılar Birliyinin üzvləri "Qızıl qələm" mükafatı laureatı yazıçı Əzizə Ağahüseynqızı, Şərqiyyə Süleymanlı, Qəzənfər Məsimoğlu, "Qızıl qələm" mükafatçısı Tahirə Məğrur iştirak ediblər.
Daha sonra Nizami Gəncəvinin yaradıcılığını əks etdirən şəkillərdən ibarət slaydlar nümayiş olunub. Tədbirdə iştirak edən AYB-nin üzvləri çıxışlarında Nizami Gəncəvinin əsərlərində azadlıq, demokratiya, bərabərlik, qadın azadlığı, əmək, zəhmət, sülh məsələlərini tərənnüm etməsindən, dahi şairin ədəbiyyat tariximizdə müstəsna xidmətlərindən, bədii-emosional, estetik-fəlsəfi, həm də elmi-idraki fikirlərindən söz açıblar.
Tədbirin ədəbi — bədii hissəsində çıxış edən məktəblilər Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib, şagirdlər Ayan Əhmədli, Tural Mirzəyev və Mirqafar Kərimov Nizami Gəncəvinin "Kərpickəsən qocanın bir cavanla hekayəti"ndən kompozisiya nümayiş ediblər. Tədbirin sonunda qonaqlar Nizami Gəncəvinin kitablarından ibarət sərgi və stendlə tanış olublar.