BAKI, 14 apr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü sammitində müsəlman ölkələrinin liderlərinə səslənib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, çıxışında bir çox məsələlərə toxunan prezident, "müsəlmanlar öz problemlərini özləri həll etməlidir" deyib.
Ərdoğan bildirib ki, bu gün bir çox müsəlman ölkələri terror və vətəndaş müharibələrindən əziyyət çəkir: "Təəssüflər olsun ki, bu problemləri həll etmək üçün də xaricdən müdaxilə gözlənilir, umulur. Əslində isə müsəlman ölkələri öz məsələlərini ittifaq halında çözməlidir, problemlərin həllini özləri axtarmalıdır".
"Axı nəyə görə terrorla mübarizədə başqalarından yardım gözləməliyik? Bu cür problemlərə özümüz çarə tapmadıqca başqaları müdaxilə edir. Ancaq əmin olun, onlar aramızdakı dincliyi təmin etmək üçün yox, neftə görə müdaxilə edirlər", —deyə Türkiyə Prezidenti vurğulayıb.
Çıxışının davamında Ərdoğan BMT-nin ünvanına sərt bəyanatlar səsləndirib və bu təşkilatdan ədalət gözləməyin ağılsız olduğunu bildirib. O, öz fikrini BMT Təhlükəsizlik Şurasında bir dənə belə olsun müsəlman ölkəsi olmaması ilə əlaqələndirib: "Təməli ədalətsizlik üzərinə qurulan bir təşkilatdan ədalət gözləmək imkansızdır, mənasızdır. Dünya əhalisinin yarıya yaxınını təmsil edən müsəlmanlardan bir təmsilçi varmı BMT Təhlükəsizlik Şurasında? Xeyr yoxdur. Bəs onda bu necə ədalətdir?".
"Ona görə də, BMT strukturunda çox təcili dəyişikliklər edilməlidir və biz bu haqqımızı sona qədər tələb edəcəyik", —Ərdoğan qeyd edib.
O, sonda əlavə edib ki, Yaxın Şərqə daimi sülhün gəlməsi üçün paytaxtı şərqi-Qüds olan müstəqil Fələstin dövlətinin qurulması son dərəcə vacibdir.