İradə CƏLİL, Sputnik Azərbaycan
BAKI, 14 apr — Sputnik. Pillələri qalxdıqca söhbətə haradan başlayacağımı götür-qoy edirdim. Getdiyim ev şəhidini qarşılamış ev olsaydı, söhbətə "Vətən sağ olsun" deyə başalaya bilərdim və ya yaxınını itirmiş birisi olsaydı, Allahdan rəhmət diləyərdim. Bu dəfə vəziyyət başqa idi. Bu itki ünvansız, səbəbsiz, təsəllisiz idi…
Qapını döydüm, məni saçları bəyazlamış, yorğun baxışları olan orta yaşlı bir qadın qarşıladı: "Xoş gəlmisən qızım". Aramızda o qədər də yaş fərqi olmazdı. Amma yaşadığı faciə onu 4 aya bitirmişdi. Tükənmişdi Vüsalə xanım.
Elşad Rəsulov 2015-ci il dekabr 4-də Günəşli yatağında baş verən qəza zamanı ikinci — "parçalanmış" qayığın içində dənizə tökülüb itkin düşən neftçilərdəndir. Aradan 4 ay keçsə də, Elşaddan heç bir xəbər yoxdur. Ailəsi isə ümidsiz vəziyyətdə yol gözləyir.
Gəlmədi…
"Elşadla sevərək ailə qurmuşduq. O qaçırmışdı məni. Mən evin tək qızı, o da evin ən kiçik oğlu idi. Biz qarabağlı, Elşad naxçıvanlı idi. Valideynlərim bizim ailə qurmağımıza razı deyildi. O vaxtlar mən qeydiyyat üzrə tibb bacısı işləyirdim. Elşad da işi ilə əlaqədar yoxlamaya gəlmişdi. Elə tanış olmuşduq", —deyir müsahibimiz.
Bir müddət sonra Elşad Vüsaləni qaçırır və ailə həyatı qururlar. Vüsalə danışır ki, ömrünün ən xoşbəxt anları Elşadla keçib. Heç bir zaman Elşadı bu şəkildə itirəcəyini ağlına da gətirmirdi. Amma sən saydığını say…
Hadisə oğlunun ad günündə baş verib: "Dekabrın 4-ü idi, zəng gözləyirdik. Oğlumun ad günü idi. O, hər zaman ad günləri olanda gecə 1.00-də zəng edərdi. Bu dəfə etmədi. Oğlum zəng elədi. Zəng çatmadı. Sonra düşündü ki, bəlkə atası "Facebook"dadır, oradan danışsın atasıyla. Və qəza olduğunu öyrəndik. Hər şey bir anda mənasını itirdi. Özümüzə yer tapmırdıq. Gündüz 2-yə qədər yolunu gözlədik ki, gələcək. Gəlmədi…".
"Dərdimi dənizəmi deyim?"
Vüsalə xanım deyir ki, Elşadla elə həmin gün danşıbmış. Elşad ona uşaqlara yaxşı baxmağı tapşırıb və "burada elə külək var ki, dağılır buralar. Uşaqlara yaxşı bax, 7-si gələcəyəm" deyib.
25 il idi ki, Elşad dənizdə işləyirdi. Bu illər ərzində kiçik bir qəza ilə də qarşılaşmamışdı. Amma son dəfə işə getmək istəmirmiş. Deyirmiş ki, "Yeni il gəlir, bülleten alım, getməyim". Vüsalə xanım təkidlə onu işə göndərib: "O, bacısının uşaqlarına da baxırdı. Deyirdim, "vəziyyət çətindir, get". O da getdi".
Vüsalə xanım bu həyatda tənha olduğunu düşünür. Deyir ki, sığınacaq yeri yoxdur: "Ata, qardaş, yoldaş. Bütün itkiləri yaşadım. Daha sığınacaq yerim yoxdur. Məndə hamısı üst-üstə düşdü. Atam da öləndə əzab çəkirdim. Amma yoldaş itkisi başqadır. Özünü yarım hiss edirdim. Sanki parçalanmısan və bir tərəfin yoxdur".
"Bu yaxınlarda hüzr məclisinə getmişdim. 33 yaşlı biri dünyasını dəyişmişdi. Xanımının 26 yaşı var. Qəbiristanlıqda bizə dedi ki, "siz gedin, mənim ona sözüm var". Nəsə danışdı, gəldi, sakitləşdi, daha ağlamadı. İnanın, mən paxıllıq etdim ki, onun ən azından dərdini, sözünü deyə biləcək bir məzarı var. Mənim heç o da yoxdur. Gedim dənizə deyim dərdimi? Mənim göz yaşım qurumur. Harda oldu, için-içn ağlayıram".
"Heç kim inanmır ki…"
Deyir, hər dəfə itkinlərdən biri tapılanda sevinir ki, bəlkə Elşad ola. Amma gedib görəndən sonra, sevinir ki, yaxşı ki, Elşad deyil. Dediyinə görə, cəsədlər çox tanınmaz haldadır. Gözlər çürüyüb, saç tökülüb: "Yox, Elşad sağ-salamat gəlsin, nə olar. Keçən dəfə Edik tapıldı. Edik Elşadla dost idi. Onlar dənizə düşəndə də qucaqlaşıb düşüblər, o qədər yaxın idilər. İndi Edik gəlib, elə bilirəm, Elşad tək qalıb, haradasa uzaqlarda. Qurban demişəm, Elşad da gəlsin. Amma sağ gəlsin. Hər zaman yuxularıma gəlir. Deyirdi, "martda gələcəyəm", mart da keçdi, gəlmədi".
Elşadın qızı Raziyyə danışır ki, atası hər zaman onu dinləyirmiş: "O məni çox istəyirdi. Saatlarla danışsam, qulaq asardı. Məsləhət verənim idi, dayağım idi ATAM. İndi uğurlarımı bölüşəcək adamım yoxdur — ATAM yoxdur. Hər gün işdə olanda da, Universitetdən gələn kimi axşam zəng edib soruşurdu ki, "günün necə keçib?". İndi günümün necə keçdiyini soruşanım yoxdur. Atamın səsini eşidirəm bəzən, özünü hiss edirəm".
Raziyyənin də ürəyi doludur. Deyir, nə müəllimləri, nə bəzi qrup yoldşları onu başa düşmürlər: "Bəzən dərslərə hazır ola bilmirəm. Atam bütün gün yadımda olduğu üçün dərs girmir ağlıma. Müəllimlər deyirlər, "bəhanə edirsən, 4 ay keçdi, sən Atanı unutmadın?" Daha başa düşmürlər ki, bu, keçən şey deyil… Qrup yoldaşlarım və ya böyük kurslarda oxuyan uşaqlar isə, "Facebook" səhifəmdə paylaşdığım fikirlərə iradlarını bildirirlər. Deyirlər, özünü acındırma".
"Atasız oğul böyütmək asan deyil"
Vüsalə xanım deyir ki, Elşadın tapılacağına daha ümidi qalmayıb. Amma istəyir ki, heç olmasa dövlət səviyyəsində onun üçün yas verilsin və ya bir ad verilsin: "Cənab Prezident və SOCAR bizə maddi yardım edib, bircə sığorta qalıb. Amma mən istəyirəm ki, mənim oğlum üçün mənə sənəd verilsn, bilim ki, gələcəyi zəmanətdədir. Çünki atasız oğul böyütmək asan deyil. Elşad iş yerində, iş zamanı həyatını itirib. Ona görə də o, unudula bilməz".
Banklar neftçinin ailəsini təhqir edir
Ailənin hazırda 3 kredit borcu var: "Banklara borcum var. Məni təhqir edirlər. Deyirlər, "kredit sənin adınadır. Sən ölməmisən ki, ərin ölüb də". Artıq banklar məhkəməyə müraciət edib. Məhkəmə çağırışları gəlir. Amma bizim imkanımız yoxdur. "Unibank", "Bankof Baku" və "Kontakt"a borcum var. "Kontakt"dan məni təhqir ediblər. Elə formada danışırlar ki, sanki varımdır, vermirəm. "Unibank"dan gəldilər, üzr istədilər, amma məhkəmə işləri davam edir. Deyirlər yardım almısınız, gətirin borcunuzu verin".
Neftçinin xanımım, onsuz da ailənin çox borc-xərcinin olduğunu bildirir: "Heç nə qalmayıb əlimdə. Rövnəq müəllim bizə söz verib ki, sığortadan borclarımız ödəniləcək. Mənim cəmi 4 min manat borcum qalıb. Amma yoxdur ki, verim bitsin. Əvvəl işləyənim var idi — Elşad var idi. Heç vaxt çətinliyim olmamışdı. Amma indi çox sıxıntıdayam".
Vüsalə xanım hal-hazırda tibb bacısı vəzifəsində çalışır və aldığı əməkhaqqı çox cüzidir. Bu məbləğ onun heç aylıq dolanışığına çatmır.
17 ailənin gözü yoldadır
4 dekabr 2015-ci ildə Günəşli yatağında baş verən qəzadan — o məşum gecədən 4 ay keçir. Hələ də 17 ailənin gözü yoldadır. Bu gün gələr — sabah gələr deyə, ümidsizcəsinə gözləyirlər.
Vüsalə xanım danışır ki, itkin düşən neftçilərin ailələri ilə tez-tez görüşürlər: "Hamısı mənim kimidir. Yorğun, aciz, ümidsiz və çarəsiz. Kaş Elşadın da məzarı olaydı. Kaş mənim də ağlaya biləcəyim bir yer olaydı. Kaş…".
Bu da bir insan həyatıdır. Qayğı dolu, keçməkeşli və narahat. Bu dəfə sizi Günəşli yatağında qəza zamanı itkin düşən Elşad Rəsulovun ailəsi ilə tanış etdik. Bəzən həsəd apardığınız, bəzən arzusunda olduğunuz insanların, ailələrin gerçək həyatlarını öyrənmək üçün bizi izləyin…