CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Allah həmişə gözəl qadınları başsız qoyur"

© Sputnik / Irade CelilXanbəyim Bağırlı
Xanbəyim Bağırlı - Sputnik Azərbaycan
Abunə olmaq
Onun həyatı tam bir faciə tamaşasına bənzəyir: Həyat ona hər üzünü göstərir, sevdiklərini tək-tək itirir. İçi daim keçmişin iztirabları ilə göynəyir, amma yenə də yaşamaq üçün bir ümid işığı var...

İradə CƏLİL

BAKI, 11 apr — Sputnik. Deyirlər, Allah insanları yaradanda qoşa yaradıbmış. Sonra naşükür olduqlarını görüb onları ayırır. Və hər yarı bir tərəfə düşür, başqasının yarısı olur.

Beləliklə, insan bütün ömrünü öz yarısını axtarmaqla bitirir. Kimi tapır, kimi tapdığını düşünür, kimi tapıb tez itirir, kimi isə nakam gedir bu dünyadan…

Nailə xala, qızı və iki nəvəsi ilə Bakıxanovda kirayədə yaşayır - Sputnik Azərbaycan
"Qızım kiminləsə gəzsə, uşaqlarına da baxmağa imkanı olar"...

Xanbəyim Bağırlı 3 qardaşın tək bacısı olub. Deyir ki, atası ona anasının adını qoyduğu üçün daha çox sevilirmiş ailədə. Uşaqlıqdan arzusu diktor olmaq olsa da, atası buna razılıq vermir. 8-ci sinifdə oxuyanda valideynləri onu yaxın qohumlarına nişanlayır.

"8-ci sinifdə oxuyan valideynlərim məni nişanladı. Həmin vaxt oğlan əsgərliyə gedəcəkdi. Onun yığıncağında görmüşdülər məni. Mən heç nə başa düşmürdüm, sevgi nədir, bilmirdim. Sonra oğlan hərbi xidmətə yollandı. Mənə oradan məktublar yazırdı. 1984 cü ildə ailə həyat qurdum. 19 yaşım var idi", —deyir həmsöhbətimiz.

© Sputnik / Irade CelilXanbəyim Bağırlı.
Xanbəyim Bağırlı - Sputnik Azərbaycan
1/4
Xanbəyim Bağırlı.
© Sputnik / Irade CelilBəzən keçmişi fikirəşib ağlayır, bəzən gələcəyə ümidsiz yanaşır. Amma ruhdan düşmür.
Bəzən keçmişi fikirəşib ağlayır, bəzən gələcəyə ümidsiz yanaşır. Amma ruhdan düşmür - Sputnik Azərbaycan
2/4
Bəzən keçmişi fikirəşib ağlayır, bəzən gələcəyə ümidsiz yanaşır. Amma ruhdan düşmür.
© Sputnik / Irade CelilDeyir dənizi sevir, çünki dəniz kimi onu sakitcə dinləyib, susan yoxdu.
Deyir dənizi sevir, çünki dəniz kimi onu sakitcə dinləyib, susan yoxdu - Sputnik Azərbaycan
3/4
Deyir dənizi sevir, çünki dəniz kimi onu sakitcə dinləyib, susan yoxdu.
© Photo : X.Bağırlının şəxsi arxivindən Xanbəyim xanım nəvəsi ilə.
Xanbəyim xanım nəvəsi ilə - Sputnik Azərbaycan
4/4
Xanbəyim xanım nəvəsi ilə.
1/4
Xanbəyim Bağırlı.
2/4
Bəzən keçmişi fikirəşib ağlayır, bəzən gələcəyə ümidsiz yanaşır. Amma ruhdan düşmür.
3/4
Deyir dənizi sevir, çünki dəniz kimi onu sakitcə dinləyib, susan yoxdu.
4/4
Xanbəyim xanım nəvəsi ilə.

İlk övladı 1986-cı ildə dünyaya gələn Xanbəyim xanım danışır ki, sevgi dolu, qayğısız günləri 1988-ci ilə qədər davam edib. Həmin ildən onun öz dili ilə desək, "yaralı" günləri başlayıb.

Atası dünyasını dəyişmişdi. 54 yaşında… Xanbəyim danışır ki, aradan illər keçsə də, həmin günü unuda bilmir: "Anam danışır ki, həmin gün axşam atam çox narahat imiş. Axşam anama deyib ki, "kürəyim donur". Sonra həyətə düşüb. Anam da arxasınca. Anam danışır ki, atam kürəyini balkonun sütununa sürtürmüş. Sonra bankalanmasını istəyib. Kənd yeri, anam başa düşməyib ki, onun ürəyi ağrıya bilər. Bankalayıb atamı".

Bankadan sonra ağrı kişinin qollarına yayılıb: "Atam hiss edirmiş ki, öləcək. Anama vəsiyyətini edib. Sonra deyib, "get, həkim çağır". Anam həyətə düşüb ki, gedib həkimə zəng etsin. Qayıdanda görüb ki, atam üzü qibləyə yer salaraq, yatıb. Gəlib atamı çağırıb. Atam ölübmüş"…

Xanbəyim deyir ki, atasının ölümündən 1 il iki ay sonra anası da dünyasını dəyişib: "Çox sevirdilər bir-birlərini. Anam qısqanc qadın idi. Atam özünə fikir verəndə hər zaman deyirdi ki, "Allah bilir, hara gedirsən". Bəlkə buna görə anam ondan sonra çox yaşamadı".

Sonra Xanbəyimin bir qızı və bir oğlu da dünyaya gəlir: "Yarım hiss edirdim özümü. Etibar (həyat yoldaşı —red.) çox yaxşı baxırdı ailəyə. Gecə gündüz işləyir, bizə korluq vermirdi. Bir gün onu da itirəcəyimi düşünə bilmirdim. Çünki valideyinlərimdən sonra bütün sevgimi ona bağlamışdım. Yaxşı adam idi. Amma…"

2001-ci il idi: "Qaynım gəldi ki, götür uşaqları gedək bizə. Getdik, çadır qurulmuşdu. Yoldaşımın dünyasını dəyişdiyini dedilər mənə. Başa düşə bilmirdim. Dedilər öz avtomobilində dünyasını dəyişib. Ürəyi dayanıb. Yoldaşımı da belə itirdim".

Nigar xanım həyat yoldaşı Ayhan bəy və qızı ilə - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Nənəmin ölümünə hazırlaşarkən elə bir hadisə baş verdi ki..."

Sonradan Xanbəyimin çətin günləri başlayıb. Üç uşaqla tək başına qalan qadın ayağa durmaq, övladlarına sahib çıxmaq üçün həyat mücadiləsi aparıb: "Mən evdar qadın idim. Heç yeri tanımırdım. Çünki yoldaşım hər yerə özü aparırdı məni. Diplomumu da yandırmışdı. Yoldaşımı çox sevirdim. Nə desə, edirdim. Yaxşı adam idi".

Sonradan tək yaşamaq onun üçün çətin olur. Çətin olur, amma o, bu sınaqdan çıxa bilir: "Düşünürəm ki, Allah hər zaman gözəl qadınları başsız qoyur. Bilir ki, onlar hər vəziyyətdən çıxa biləcəklər. Mən xoşbəxt olmadım. Cavan yaşda tənha qaldım. Özümü övladlarıma həsr etdim. Amma qızım da xoşbəxt olmadı. Ayrıldı. Ana üçün ən ağır dərd övladının xoşbəxt olmamasıdır. İndi mən nənəyəm, nəvələrim var. Amma geriyə boylananda ürəyim peşmançılıqla dolur. Çox darıxıram, atam, anam, yoldaşım üçün".

İndi kirayədə yaşayır Xanbəyim xanım. Deyir bacardığı qədər çalışır ki, uşaqlarına korluq verməsin. Amma içindəki tənhalığı heç nə aradan qadıra bilmir. Bəzən keçmişi fikirəşib ağlayır, bəzən gələcəyə ümidsiz yanaşır. Amma ruhdan düşmür. Deyir, dənizi sevir. Çünki dəniz kimi onu sakitcə dinləyib, susan yoxdur.

Müsahibim danışır ki, illərin necə keçdiyini, övladlarının necə böyüdüyünü hiss etməyib. Amma hər zaman çalışıb ki, onlara atasızlığı hiss etdirməsin. Bəlkə onlar heç vaxt atasızlığı hiss etməyiblər. Amma özü bir ömür yarım qalıb.

Danışır ki, həyat yoldaşından sonra heç kimə həyatını açmayıb: "İnsanın sevdiyini itirməsi qədər ağır heç nə yoxdur. Dünya mənasızlaşır. Dayağını itirmiş kimi hiss edirsən özünü. Ondan sonra mən heç kəsi sevmədim. Həyat onunla başladı, onunla bitdi".

Bu gün yalnız, tənha olduğunu, amma övladlarına sarılanda ruhunun sakitlik tapdığını deyir. Gözlərində donub qalmışdı yaşlar. Baxışları uzaqlara, lap uzaqlara getmişdi. Özünün də xəbəri yox idi. Fikirlər darmadağın, ruh narahat…

Talelər müxtəlifdir, insanlar kimi. Bu gün də sizi bir insan taleyi ilə tanış etdik. Başınıza gələnləri bizdən oxuyun…

Xəbər lenti
0