BAKI, 13 apr — Sputnik. "Bildiyiniz kimi, Formula 1 yarışına 2 ay vaxt qalıb. Şəhərdə təmir işlərimiz demək olar, yekunlaşmaq üzrədir. Asfalt qatı demək olar, tam salınıb. Yalnız Hökumət Evi ilə üzbəüz zonada qalıb. May ayında tribunaların və təhlükəsizlik sədlərinin quraşdırılması kimi işlərimiz nəzərdə tutulur. Eyni zamanda, xaricdə tanıtımlarımız da sürətlə davam edir".
Sputnik xəbər verir ki, Bakıda Formula 1 yarışını təşkil edəcək Baku Grand Prix şirkətinin milli mətbuat katibi, marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün mətbuat konfransında belə deyib. Könüllülərlə iş prosesinə toxunan şirkətin sözçüsü deyib ki, 5 min könüllü lazım olduğu halda, 12 min nəfər könüllü olmaq üçün müraciət edib.
Onun sözlərinə görə, yarışlarda yalnız azərbaycanlı könüllülər olacaq, xaricdən könüllülər gəlməyəcək: "Eyni zamanda, marşallar da iştirak edəcək. Marşallar könüllülərdən fərqlənir. Marşallar yarış zamanı pilotlara kömək edir, qəza zamanı pilotlara yardım edir və bu kimi bir neçə marşal növü var. Bizə 1000 marşal lazım olacaq. Onlardan 700-ü yerli marşal, 300-ü isə xaricdən gələn təcrübəli marşallar olacaq".
"Marşallar xüsusi treninqlərdən keçərək seçilir və xüsusi testlərdən keçib marşal adını alırlar. Marşal olan insanların bir üstünlüyü var ki, onlar Formula 1-i sevir və ölkələri gəzərək yarışlarda könüllü iştirak edirlər", —deyə N. Arpadarai bildirib.
Formula 1 zamanı keçiriləcək konsertlər və əyləncələrı gəlincə, şirkət təmsilçisi 3 dünya ulduzunun yarışlar zamanı Bakıya səfər edəcəyini qeyd edib: "Formula 1 proqramında əyləncə hissəsi yarışın ayrılmaz hissəsidir. Formula 1-də açılış mərasimi kiçik olur. Amma yarışboyu əyləncə proqramları ilə bol olur. Bizim yarışlar zamanı 3 dünya şöhrətli ulduz Bakıya gələcək. Cümə, şənbə və bazar günləri konsert proqramı ilə ulduzlar çıxış edəcəklər. Cümə günü Kriz Braun, şənbə günü Enriki İqlesias, bazar günü isə Farel Viliams konsert proqramı ilə çıxış edəcək".
Onun dediyinə görə, əyləncə proqramı bununla da bitmir: "Yerli ulduzları da bu konsertlərə cəlb etmək niyyətindəyik. Beləliklə yarışlara bilet alan insanlar birbaşa konsertlərdə, əyləncələrdə iştirak etmək hüququ qazanırlar".
Marketinq şöbəsinin rəhbəri biletlərin sürətlə satıldığını əlavə edib: "Xüsusilə 65 faiz biletlər xaricdən alınıb. Əyləncə proqramı açıqlandıqdan sonra daha çox biletin satılacağını düşünürük".