BAKI, 13 apr — Sputnik. Saatlı şəhərindəki 4 saylı tam orta məktəb "beynəlmiləl məktəb" kimi tanınır. Təhsil ocağı Qarabağ müharibəsində şəhid olmuş məzununun — Valeri Əsgərovun adını daşıyır. Burada azərbaycanlılarla yanaşı, rus, Ahıska türkü, ləzgi, avar millətindən olan müəllim və şagirdlər də var.
"Şagirdlərimizin bir hissəsi Rusiyadan köçüb gələnlərdir"
Məktəbin direktoru Tamilla İsmailova bildirir ki, məktəbdə Azərbaycan və rus bölmələri təşkil olunub: "454 nəfər şagirdimizin 197-si rus bölməsində oxuyur. Onların bir çoxu Rusiyada yaşamış və sonradan bura köçüb gəlmiş azərbaycanlı ailəsində doğulub. Bir neçəsi qarışıq nigahdan olub. Onlar təhsillərinin bir hissəsini rusdilli məktəblərdə alıblar — 2-ci, 5-ci, hətta 10-cu sinfədək oxuyanlar olub".
Onun sözlərinə görə, bu amil onların dünyagörüşünə, baxışına, zövqünə təsirsiz ötüşməyib: "Bütün bunlar, eyni zamanda, milli tərkib və çoxillik beynəlmiləlçilik ənənəsi nəzərə alınaraq, biz məktəbdə "Muğan" adlı musiqi ansamblı yaratmışıq".
Beynəlmiləl ailə
T. İsmailova, daha bir ictimai vəzifə daşıyır — "Bilik" Fondunun Saatlı rayonu üzrə nümayəndəsidir. Məktəbin direktoru ansamblın yaranmasında Fondun könüllüsü, yarım əsrdən artıq müddətdə rus dili və ədəbiyyatı fənnini tədris etmiş Valentina Malyarovanın böyük əməyi olduğunu qeyd etdi.
"Beynəlmiləlçilik onun ailəsindən başlayır: özü rusdur, həyat yoldaşı lak olub, oğlu avar qızı ilə ailə qurub, qızı isə azərbaycanlıya ərə gedib", —deyir direktor.
"İncəsənətə böyük marağı, çox yaxşı musiqi duyumu var. Uşaqların kostyumunu da özü tikir. İndi ansamblın işini ibtidai sinif müəllimi Vüsalə Alibuttayeva aparır. Təqaüdə çıxsa da, Valya müəllimə məktəblə əlaqəni kəsməyib", —deyə əlavə edir.
Əcnəbi turistləri heyran edən rəqslər
"Muğan" ansamblında Azərbaycan, rus, Ukrayna, ispan, hind, ləzgi və başqa xalqların milli rəqsləri ifa edilir. Ansamblın üzvləri hələlik rayon tədbirlərində çıxış edirlər. Valentina xanım bildirir ki, yetirmələrini mükafatlandırmaq üçün bir dəfə Şəkiyə gəzintiyə aparıb və orada konsert təşkil edib.
Bu əcnəbi turistlərin də diqqətini cəlb edib: "Uşaqlar başqa xalqların rəqsini ifa edirdilər. Bir də gördük ki, başımıza çoxlu əcnəbi yığışıb. Onlar heyranlıqla tamaşa edir, şəkillərimizi çəkirdilər. Hətta uşaqlara qoşulub oynayanlar oldu".
İşi peşəkar səviyyədə qurmaq və böyük səhnələrə çıxmaq üçün maliyyə vəsaiti lazımdır. Təşkilatçılar hər şeyi öz axtarışları və imkanları hesabına edir: internetdən peşəkar rəqsləri izləyir, parça alıb rəqqasələr üçün uyğun kostyum hazırlayır, dərsdən kənar vaxtda məşq edirlər.
"El bilir ki, sən mənimsən…"
Valentina müəllimə deyir ki, ansambl yarananadək hər il uşaqları rayondankənar yerlərə ekskursiyaya aparıb: "Həmişə çalışmışam ki, Azərbaycanımızı olduğu kimi təqdim edəm. Öz gözləri ilə görmək uşaqlarda ölkəni tanımaq marağını, yurd sevgisini artıra bilər. O qədər yerlərdə olmuşuq ki — İsmayıllı, Şəki, Zaqatala, Qax, Qəbələ, Gəncə… Azərbaycanımızın hər yeri maraqlı və gözəldir. Ölkəni, xalqı tanıtmaq üçün əvvəlcə onu yaxından tanımaq lazımdır. Bu layihə isə, kiçik miqyasda olsa belə, Azərbaycanı tanıda bilər".
Respublika gününə hazırıqla əlaqədar hazırda məktəbin idman zalında qızğın məşqlər gedir. Uşaqların ifalarını biz də izlədik. Gülnar Aslanova və Xalidə Əkbərova hind, Ruhanə və Gülşən Kazımova bacıları ispan, Abuzər Abuzərov, Həmidxan Əzizov və Əlihüseyn Əsədli ləzgi, Növrəstə Abuzərova, Nərgiz Əhmədova və Kamilla Teymurova isə özbək rəqslərini ifa etdilər.
Rus bölməsinin 6-cı sinfində oxuyan Antonina Lobova Səməd Vurğunun "Azərbaycan" şeirini əzbər söylədi: "El bilir ki, sən mənimsən…"