BAKI, 26 fev-Sputnik. Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə aid 4 döyüş təyyarəsi Türkiyənin İncirlik bazasına enib.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, təyyarələrin əməliyyatda istifadə edilməsi məqsədilə gətirilməsi, iki ölkə arasındakı tarixində ilk dəfə reallaşıb.
Səudiyyə Ərəbistanının döyüş təyyarələri İncirlik-də
Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə İŞİD-ə qarşı əməliyyatlar üçün yaradılan koalisiyada iştirak edən Səudiyyə Ərəbistanının 4 döyüş təyyarəsi bu əməliyyatlara qatılmaq üçün Adanadakı İncirlik bazasına gəlib. ABŞ-ın liderliyindəki koalisiya qüvvələrinin bölgəyə istiqamətli hava əməliyyatları və Türkiyənin sərhəd təhlükəsizliyi uçuşlarında bundan belə Səudiyyənin təyyarələri də iştirak edəcək. Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin İŞİD-ə qarşı əməliyyatda iştirak etmək üçün Türkiyəyə gəlməsi 2 ölkə arasındakı münasibətlər tarixində ilk dəfə reallaşıb.
Şəxsi heyət və yük təyyarələri dünən gəlib
Səudiyyə Ərəbistanının hava qüvvələrinin rəsmi saytında yer alan məlumatda göndəriləcək təyyarə sayı 4, şəxsi heyətin sayı isə 15 olaraq açıqlanmışdı. Bu açıqlamadan sonra C-130 nəqliyyat təyyarələri ilə şəxsi heyət və vəsait Adanaya gətirilib.
Daha əvvəl İncirlik bazasına gələn Səudiyyə Ərəbistanının hərbi səlahiyyətliləri şəxsi heyətin qalacağı yerləri araşdırıb, hərbi ekspertlər koalisiya çərçivəsində təyyarələrin iştirakının detallarını müzakirə ediblər.
Döyüş təyyarələri İncirlik bazasına enib
Təyyarələr saat 13.30 radələrində bir-birinin ardınca İncirlik bazasına eniblər. Beləliklə, İncirlikdə təyyarələri ilə birlikdə koalisiyaya qatılan 5-ci ölkə Səudiyyə Ərəbistanı olub. Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin gəlişini bir sıra xarici media qurumları da çəkib.
İncirlik bazasına gələn F-15-lər yüksək manevr qabiliyyətinə sahibdir.
Türkiyə Prezident Adminstrasiyasının spikeri İbrahim Kalın da keçirdiyi mətbuat konfransında "Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə məxsus döyüş qırıcıları artıq Adanadadır. Həmin qırıcılar İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak edəcəklər" — deyə məlumatı təsdiqləyib.