Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qarabağın göyərti kətəsinin resepti

Abunə olmaq
Bakının Türkan qəsəbəsində məskunlaşmış Azərbaycanın Füzuli rayonundan olan məcburi köçkün ailəsi Sputnik-i qonaq qəbul edib və milli yemək - göyərti ilə bişirilən Qarabağ kətəsinin hazırlanmasının sirrini açıb. Videoresepti təqdim edirik.

Ev xanımı Məhliqa Balıyeva deyir ki, göyərti kətəsi Azərbaycanın Füzuli, Cəbrayıl, Ağdam və digər bölgələrində bişirilir. Kətənin hazırlanması ilə bağlı hər bir xanımın öz sirri var. Bu kətənin resepti çox sadədir. Əsas odur ki, onu ürəklə hazırlayasan.

İnqrediyentlər: 500 qram buğda unu, 120 qram kərə yağı, 1 stəkan su, 1 çimdik duz.

Xəmir duz və su ilə yoğrulur. Bir qədər saxlanılır ki, özünə gəlsin. Sonra o kündələrə ayrılır və kağız kimi nazik yuxalar yayılır. Sonra isə yuxaların içinə xırda doğranmış 10 növə qədər çöl və dirrik göyləri qoyulur. Göylərin üzərinə duz səpilir. Sonra yuxaların kənarları iki tərəfdən ortaya doğru üst-üstə qatlanır. Yuxaların qıraqları üst-üstə gətirilir, axıracan bərkidilir.

Hazır bükülmüş kətələr "sac" adlandırılan çanağa oxşayan qızmar tavanın üzərində, yaxud da qızmar təndirdə bir neçə dəqiqə bişirilir.

"Bizim region müxtəlif növ göyərtilərlə zəngindir, hansı ki, biz onları dağlardan, ya da dirrikdən yığırdıq. Bu gün biz əlimizin altındakı göylərdən istifadə etmişik. Əlbəttə buradakı göylərlə, Qarabağdakı göylərin dadı eyni deyil." — deyə Məhliqa xanım bildirir.

İç üçün: 2-3 orta dəstə şüyüd, 4 böyük dəstə ispanaq, 2 dəstı göy soğan, 3 dəstə keşniş. Bura zövqə görə, müxtəlif yabanı göyərtiləri (quşəppəyi, gicitkən, əməköməci, yarpız, yağlıca, gəlinbarmağı, əvəlik, quzuqulağı, cincilim, dağkeşnişi, boyana və s.)də əlavə edə bilərik.

"İçinə təkcə şüyüd, keşniş, bir az göy soğan da vura bilərsiz. Ümumiyyətlə, yaşadığınız yerdə mövcud olan və yeyilən bitklilərdən istəniləni vura bilərsiz"- deyir Balıyeva.

Kətələri hər iki üzü qızarana qədər bişirmək lazımdır. Kətələr hazır olandan sonra onların hər iki üzünə isti-isti kərə yağı sürtüb yağlamaq lazımdır ki, yumşaq və dadlı olsun. Stola verərkən yanına qatıq da qoymaq olar.

Nuş olsun!

 

Xəbər lenti
0