İlham MUSTAFA, Sputnik Azərbaycan
BAKI, 11 apr — Sputnik. Cəbhə xəttində baş verən son döyüşlər zamanı sərhədboyu bir sıra ərazilərimiz, o cümlədən həmin ərazilərdəki kəndlərimiz artilleriya zərbələrinə məruz qalıb. Düşmənin dinc əhalini hədəfə aldığı yaşayış məskənlərindən biri də Goranboy rayonunun Zeyvə kəndi olub.
Kənd ərazisi aprelin 4-ü səhər saatlarından başlayaraq gün ərzində intensiv qrad atəşinə məruz qalıb. Kənd sakinləri ümumilikdə əraziyə 20-dək mərmi düşdüyünü bildirirlər. Mərmilərdən bir neçəsi yaşayış məntəqəsinə, qalanları isə kəndətrafı ərazilərə düşüb.
Xoşbəxtçilikdən sakinlərdən xəsarət alan olmasa da, bir neçə evə və iaşə obyektinə ciddi ziyan dəyib. Onlar kənddə heç kəsin xəsarət almamasını Allahın bir möcüzəsi kimi dəyərləndirirlər. Buna baxmayaraq, sakinlərdən bir nəfər də olsun evini tərk etməyib.
Sputnik-in əməkdaşı ilə söhbət zamanı zeyvəlilər, yaşından asılı olmayaraq, hər an torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını dedilər. Cəbhə xəttində ordumuzun uğurları hər kəsdə fərəh və ruh yüksəkliyi yaradıb.
Kənddə olarkən mərmi düşən bir neçə evə baş çəkdik. Müsahibimiz Ceyhun Rəhimov səhər saatlarında top səsinə oyandıqlarını deyir. Kənd atəşə tutulan vaxt üç azyaşlı uşağını evdən həyətə çıxarıb. Az keçməyib, mərmi evin üstünə düşüb.
"Sağ qalmağımız Allahın möcüzəsi oldu. Ev tamamilə qəzalı vəziyyətdə olduğundan, uşaqları qardaşım evinə göndərdim. Ev dağılar da-tikilər də, təki Vətənimiz sağ olsun", —deyir Ceyhun.
Evinə mərmi düşən digər sakin, keçmiş döyüşçü Kərim İsmayılov yuxudan evin üstünə düşən mərmi səsinə oyanıb. Onun da sağ qalmasını möcüzə adlandırmaq olar. Çünki top mərmisi evin üstünə düşsə də, partlamayıb. Evin bir hissəsini dağıdaraq yerə sancılıb.
"Ev üzərinə düşən bomba önəmli deyil, əsas olan ölkəmizin başı üzərindəki qara buludların çəkilməsidir. Olmasın evimin beş "şiferi", divarımın bir hissəsi, təki əsgərimin burnu qanamasın. Vətən sağ olsun", —deyir Kərim İsmayılov.
Atılan mərmilər evlərdən başqa kəndin çayxanası və mağazasına da düşüb. Yasin İsmayılova məxsus çayxanaya mərmi səhər saatlarında düşüb. Xoşbətlikdən müəssisə açıq olmayıb.
Sakin Elşən Şərifxanov çayçının həmin gün gec açıldığını deyir: "9-10 nəfər gözləyirdik ki, çayçı gəlib çayxananı açsın, girək domino oynayaq. Allah qoruyub. Beşcə dəqiqə tez açılsaydı, azı doqquz nəfər ölmüşdü içəridə".
Sakinlərdən bəziləri "ermənilər çayxana və mağazanı vurmaqla bizi çaysız, siqaretsiz qoydular" deyə zarafat etdilər. Zeyvə kəndinin əhalisi Allahın kəndlərini qoruduğu, kimi əsgərlərimizə də qorumasını arzuladılar.
Goranboy rayon Fövqaladə Hallar Komissiyasından Sputnik-ə, hazırda dəyən ziyanın dəqiqləşdirildiyi bildirildi. Bundan sonra isə tikililərin bərpa və yenidənqurma işlərinə başlanacaq.