İlham MUSTAFA
BAKI, 9 apr-Sputnik. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi 25 ildir Ermənistan-Azərbaycan münaqişəsindən əziyyət çəkir. Bu yaşayış məntəqəsinin erməni mövqelərindən intensiv atəşə tutulmasına baxmayaraq, buradan bir ailə belə başqa yerə köçməyib. Son günlər təmas xəttində baş verənlər tapqaraqoyunluları nəinki qorxudub, əksinə onlar gələcəyə daha nikbin baxmağa başlayıblar. Onlar artıq bu qənaətdədirlər ki, münaqişənin həll olunacağı, onların 25 il əvvəlki dincliyinin və sülhün geri qayıdacağı gün uzaqda deyil.
Sputnik-in əməkdaşı sözügedən kənddən reportaj hazırlayıb.
Tapqaraqoyunlu kəndi atəşkəsin pozulmasından ən çox ziyan çəkən məntəqələrimizdəndir. Amma burada müharibənin izləri ilə yanaşı sakinlərin öz gündəlik normal həyatlarını yaşadıqlarını da müşahidə etmək mümkündür. Camaat ev-eşiyində gündəlik təsərrüfat və məişət qayğıları ilə məşğuldur. Son günlərin gərginliyi onların yaşayış tərzini pozmayıb.
Aprelin 2-dən 5-ə kimi kənd çox şiddətli atəşə məruz qalıb. Yerli sakinlər bildirirlər ki, 90-cı illərdən bəri Tapqaraqoyunlu kəndi ərazisində belə şiddətli döyüşlər getməmişdi.
Kənd sakini Yaşar Əhmədov deyir: "Ermənilər iri çaplı silahlardan, qraddan atdılar, bizim kəndə çox böyük zərər verdilər. Ancaq buna baxmayaraq, heç kəs kənddən çıxmadı. Gördüyünüz kimi hamı kənddədir. Lazım olarsa, biz də vətən uğrunda döyüşməyə hazırıq. Evlər dağılıb, amma daha yaxşısını tikəcəyik. 1992-ci ildən indiyə kimi buradan heç kim çıxmayıb."
Azərbaycan ordusunun son günlərdə əldə etdiyi uğurlar Tapqaraqoyunlu kəndində daha çox hiss olunur. Sakinlər bildirir ki, kəndin müəyyən ərazilərinə düşmən tərəfdən atılan mərmilər səbəbindən getmək mümkün deyildi. Lakin indi həmin ərazilərdə sərbəst gəzmək mümkündür.
Kəndin digər sakini Əli Mustafayev isə deyib ki, bu münaqişənin günahkarı onlar deyillər: "Ermənilər bizim dədə-baba torpaqlarımıza, yaşayış məntəqələrimizə, evlərimizə göz dikiblər.Ermənistan tək bir dövlətdir. Bəs dünya dövlətləri niyə məhəl qoymur? Onlar niyə ermənidən bu işğalı dayandırmağı tələb etmirlər? Soruşuram, əgər biz ermənilərin torpaqlarını işğal etsəydik, eyni münasibəti bizə də göstərərdilərmi?!"
Goranboy rayonu Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, aprelin 2-dən 5-ə kimi erməni silahlı birləşmələrinin Tapqaraqoyunlu kəndini artilleriya qurğularından atəşə tutması nəticəsində kənddə 9 fərdi ev tamamilə dağılıb. 39 evə qismən, 32 evə isə az ziyan dəyib.
Kənd sakini Şahmar Əhmədov bu barədə deyib: "Aprelin 4-dən başlayaraq ermənilər iri çaplı silahlardan — toplardan, tanklardan minaatanlardan kəndi, yerli sakinləri fəal şəkildə atəşə tutmağa başladılar. Tapqaraqoyunluda 50-yə yaxın ev zərər çəkdi. Bizim də evin arxasına bir qrad, evin içinə də bir qrad düşdü. Biz bu mərmilərlə, güllələrlə yaşamağa alışmışıq. Onlar bizim gündəlik qonaqlarımızdır."
Bundan başqa kənddə 2 iaşə obyekti tamam, biri isə qismən dağıdılıb. Həmçinin kəndin elektrik, qaz və yol təsərrüfatına da xeyli ziyan dəyib. Ermənilərin atdığı mərmilər həyətyanı sahələrə də ciddi ziyan vurub.
Goranboy rayon Fövqəladə Halla Komissiyasından Sputnik-ə bildirilib ki, dəyən ziyan dəqiqləşdirildikdən sonra Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi ilə birgə yararsız hala düşən evlərin bərpası işlərinə başlanılacaq.
Qeyd edək ki, atəşkəs rejiminin elan olunmasına baxmayaraq, digər cəbhəyanı ərazilərdə olduğu kimi Tapqaraqoyunlu kəndinin ərazisi də tez-tez erməni silahlı birləşmələri tərəfindən atəşə məruz qalır.