BAKI, 11 apr — Sputnik. "Ölkəmizdə 80-ə yaxın olimpiya və qeyri-olimpiya idman federasiyaları fəaliyyət göstərir. Və onlar arasında alpinizm federasiyası da var. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının rəhbərliyi altında son illərdə dağçılıq və ekstremal idman növlərinin gənclər arasında xüsusi populyarlıq qazanıb".
Bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisində keçirilən Azərbaycan Alpinizm Federasiyasının (AAF) hesabat seçki konfransında, gənclər və idman nazirinin müavini İntiqam Babayev səsləndirib. Onun sözlərinə görə, ölkəmizdə keçirilən böyük idman yarışları, beynəlxalq idman tədbirləri buna əyani sübutdur.
Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının icraçı direktoru Arzu Mustafayev bildirib ki, AAF yarandığı dövrdən Azərbaycanda bu idman növünün formalaşmasına xidmət edib, marağı olan gəncləri bir araya toplayıb və yaratdığı ənənə ilə keçmiş Sovet respublikaları arasında xüsusilə fərqlənib.
"2000-ci ildən Federasiya şəxsi intriqalar fonunda öz eniş dövrünü yaşayıb. Nəticədə qurumdakı qeyri-sağlam mühitinin təsiri ilə Federasiya respublikada geniş vüsət alan idman hərəkatından təcrid olundu. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının Alpinizm Federasiyası ilə əməkdaşlığı da nəticə vermədi", —deyə A. Mustafayev bildirib.
Nazir müavini İntiqam Babayev yeni heyəti təqdirəlayiq hesab edib və qeyd edib ki, idman sahəsində problemlər yaşanmamaıdır: "Müəyyən dövrlərdə Alpinizm Federasiyasında müəyyən problemlər yaşandı. Amma hesab edirəm ki, idman elə bir sahədir ki, bu sahədə problem varsa, ikişaf olmayacaq".
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov son dövrlərdə federasiyada mövcud olan çatışmazlıqlar və qarşıdakı vəzifələrdən danışdı. O bildirdi ki, yeni heyətlər Alpinizm Federasiyasının gələcəyinə ümid bəsləmək olar. Daha sonra Federasiyanın yeni Prezdenti Nizami Mursaqulov çıxış edərək, yeni həftədən Federasiyann öz işinə başlayacağını bildirdi.