BAKI, 7 apr — Sputnik. "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" — "Molla Nəsrəddin" jurnalının baş redaktoru və naşiri, yazıçı Cəlil Məmmədquluzadə, 110 il əvvəl işıq üzü görən jurnalın ilk nömrəsinin baş məqaləsini bu sözlərlə başlayır.
"Molla Nəsrəddin" müsəlman şərqində ilk satirik jurnal olub. "Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. "Molla Nəsrəddin" jurnalının həyat səhnəsinə qədəm qoyması və onun başında C.Məmmədquluzadə kimi açıq fikirli bir ziyalının durması azadlıq dostlarını ürəkdən sevindirmişdi. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.
"Molla Nəsrəddin" jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır.
"Molla Nəsrəddin"i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərini yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdi.
Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan" bəlası felyetonu və dörd karikatura çap olunub.
"Molla Nəsrəddin"in tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu, vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərib.
Mirzə Ələkbər Sabirin ən məşhur şeirləri bu jurnalda dərc olunmuşdu. Onun "Qoyma gəldi" şeiri istəmədiyi, əcaib, qoca bir kişiyə ərə verilən gənc qızın qorxusunu öz dili ilə ifadə edir:
Bir şəklə uyan təhər deyil bu!
Allahı sevirsən, ər deyil bu!
Ərdodu, qabandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!
Xandostu, amandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!
Ol gün ki, adaxladız, utandım,
Oğlandı, dediz, ərin, inandım,
Ər boylə olurmuş?! İndi qandım;
Xandostu, amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!
Qorxdum, ay aman, yarıldı bağrım,
Bir nazik ipə sarıldı bağrım,
Gup-gup döyünüb darıldı bağrım,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!
Dudkeş kimi bir papaq başında,
Ağ tükləri bəllidir qaşında,
Gərçi qocadır — babam yaşında,
Amma sorağandı, qoyma, gəldi
Kirdarı yamandı, qoyma, gəldi!
İyrənmişəm ağzının suyundan,
Qətran qoxusu gəlir buyundan,
Lap doğrusu qorxmuşam xoyundan,
Bir əfi ilandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!
"Molla Nəsrəddin" eyni zamanda Azərbaycan satirik rəssamlığının yaradıcısıdır. Mollanəsrəddinçi satirik qrafika əsasında Azərbaycan karikatura məktəbi yaranıb. Əzim Əzimzadə məhz "Molla Nəsrəddin" jurnalı zəminində meydana çıxdı və milli karikatura sənətinin yaradıcısı səviyyəsinə yüksəldi.
Birinci nömrənin üz qabığında müsəlman dünyasının oyadılmasını təsvir edən karikaturanın müəllifi Oskar Şmerlinqdir. Təbriz nömrələrinin rəssamı isə Əli Behzad olub. "Molla Nəsrəddin"də atalar sözləri, lətifələr, poçt qutusu, satirik elanlar, tərcümeyi-hallar, lüğətlər, bir para hikmətli sözlər, tapmacalar, sual-cavab, etiraf və onlarla janrlardan istifadə edilib.
"Molla Nəsrəddin" Qafqaz və Rusiya ilə yanaşı, Asiya və Afrikanın, Şərqi Avropanın bir çox mərkəzlərində, Daşkənddə, Aşqabadda, Həştərxanda, Ufada, Səmərqənddə, Tehranda, İstanbul, Qahirə və s. yerlərdə yayılmış, onun müxtəlif millətlərdən milyonlarla oxucuları olmuşdu. Bu, bütün müsəlman şərqini oyatmağa çalışan ideya generatoru idi. Məhz buna görə də jurnalın tarixi dövrü, üslub və sənətkarlıq xüsusiyyətləri, fikirlərə, ağıllara təsiri ilə bir çox şərqşünas alimlər maraqlanmış, jurnal haqqında məqalələr, tədqiqat əsərləri yazmışlar.
Bilavasitə "Molla Nəsrəddin"in təsiri nəticəsində Bakıda Azərbaycan dilində "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "Arı" (1910-1911), "Kəlniyyət" (1912-1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Tartan-partan" (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919), "Məşəl" (1919-1920) kimi illüstrasiyalı jurnallar, rus dilində çox saylı satirik məcmuələr: "Cigit" (1907-1918), "Vay-vay" (1908), "Bakinskoe qore" (1908-1909), "Biç" (1909-1915), "Adskaya poçta" (1909-1910), "Bakinskie streli" (1910), "Baraban" (1912-1913) və digərləri nəşr olunurdu. Daha uzun ömürlü olan "Molla Nəsrəddin" jurnalı müəyyən fasilələrlə 1931-ci ilə qədər işıq üzü görüb.
25 il ərzində cəmiyyətin eybəcərliklərini, qüsurlarını çəkinmədən, qorxmadan açıb göstərən, müsəlman qardaşlarını bir növ cahillik yuxusundan oyatmağa çalışan "Molla Nəsrəddin" jurnalının yaradılmasının bu il 110 ili tamam olur. "Molla Nəsrəddin" dünənin və aktuallığını itirmədiyinə görə, həm də bu günün jurnalıdır.