BAKI, 7 apr — Sputnik. Azərbaycan dilində ilk satirik, populyar jurnal olan "Molla Nəsrəddin"in ilk sayı 1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.
1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. "Molla Nəsrəddin" jurnalının həyat səhnəsinə qədəm qoyması və onun başında C.Məmmədquluzadə kimi açıq fikirli bir ziyalının durması azadlıq dostlarını ürəkdən sevindirmişdi.[1] Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.
Molla Nəsrəddin jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır."Molla Nəsrəddin"i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirib. Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan" bəlası felyetonu və dörd karikatura çap olunub. "Molla Nəsrəddin"in tarixi mübarizəsinin böyüklüyü onda idi ki,onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu,vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək,onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərib.
Jurnal çar Rusiyasının bütün müsəlman bölgələrində, Yaxın və Orta Şərq ölkələrində yayılıb, islam dünyasında demokratik mətbuatın inkişafına təsir göstərib.
"Molla Nəsrəddin" jurnalının təsiri altında Azərbaycanda "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "An" (1910-1911), "Kəlniyyət" (1912- 1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Tartan-Partan" (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919), "Məşəl" (1919-1920) kimi Azərbaycan dilində nəşr olunan satirik jurnallarla yanaşı, bu dövr Bakıda rus dilində "Cigit" (1907-1918), "Vay-vay" (1908), "Bakinskoe qore" (1908-1909), "Biç" (1909-1915), "Adskaya poçta" (1909-1910), "Bakinskiye strelı" (1910), "Baraban" (1912-1913) kimi satirik jurnallar da dərc olunurdu.
Hətta XXI əsrdə də jurnalın ideyalarının davamçıları var. Müxtəlif veb-saytlarda və sosial şəbəkələrdə Molla Nəsrəddin səhifələri yaradılır, jurnalın müxtəlif saylarındakı məqalələr və karikaturalar oxucularla paylaşılır. Bu jurnal istər özünün varlığı ərzində istərsə də sonra dünyanın bir sıra görkəmli şərqşünas alimləri tərəfindən tədqiq və təqdir edilib.