BAKI, 4 apr — Sputnik. "Mərkəzi Bankın (MB) valyuta ehtiyatları mart ayı ərzində artıb. Amma bundan əvvəl azala-azala gedirdi. Cari ilin yanvar ayınının sonuna MB-nin valyuta ehtiyatları 4 milyard 398,5 milyon dollar idisə, fevralın sonuna 4 milyard 26,3 milyon dollar təşkil edib. Fevral ayı ərzində valyuta ehtiyatları 350 milyon dollardan çox azalıb".
Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib. Ekspert bildirib ki, martın sonuna bu rəqəm 4 milyard 65 milyon dollar olub. Fevral ayı ilə müqayisədə martda valyuta ehtiyatları 40 milyon dollara yaxın artıb.
"Bu elə də ciddi artım deyil. Bu artımın da bir neçə səbəbi var. Əsas səbəb ondan ibarətdir ki, dövriyyədə manat azalıb. Dolları almaq üçün gərək manat olsun. Eyni zamanda, müəyyən iqtisadi əməliyyatların aparılması üçün vətəndaşlar və sahibkarlar əllərində olan dolları manata dəyişiblər", —deyə ekspert bildirib.
Onun sözlərinə görə, mart ayında bayramlar var idi, milli valyutaya ehtiyac var idi, əhali müəyyən xərclər edirdi: "Buna görə də ehtiyatlarında olan dolları gedib manata çevirdilər. Bunlara görə artım olub".
Maliyyəçi qeyd edib ki, son günlər dolların kursu düşüb, manat möhkəmlənib: "Hesab edirəm bu, müvəqqətidir, daimi deyil. Manatın məzənnəsi inzibati qaydada müəyyən olunur. Buna görə Mərkəzi Bank istəsə, dolların məzənnəsini 1.40-a da endirə bilər. Amma söhbət ondan gedir ki, bu, nə dərəcədə uzun müddətli olacaq. Əlbəttə ki, bu, uzun müddətli olmayacaq. Bunu dolları yığmaq üçün ediblər".
"Mərkəzi Bank görür ki, bu gün əhalinin manata olan tələbatı çoxalıb. Hamı manat alır ki, tələbatını ödəsinlər. Buna görə də dollarlarını satırlar. Mərkəzi Bankın və bankların da əsas məqsədi odur ki, əhalinin dollar ehtiyatlarını daha ucuz qiymətlə alsınlar", — Ə. Həsənov əlavə edib.
Bu ilin mart ayının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 4 milyard 65,8 milyon dollar təşkil edib. Bu, fevral ayının yekunu ilə müqayisədə 39,5 milyon dollar çoxdur. Xatırladaq ki, MB-nin valyuta ehtiyatlarında sonuncu dəfə artım ötən ilin iyun ayında qeydə alınmışdı.