BAKI, 4 apr — Sputnik. "Mart ayında Mərkəzi Bankın valyuta ehtiyatı 9 aylıq fasilədən sonra yenidən artıb. Ötən ay artım 39,5 milyon dollar olub və bununla da baş bank ehtiyatlarını 4 milyard dollarlıq psixoloji həddən bir qədər uzaqlaşdırmağa müvəffəq olub. Hazırda ehtiyatın həcmi 4 milyard 65 milyon 800 min dollardır".
Sputnik-in məlumatına görə, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev, ölkənin valyuta ehtiyatının artmasının səbəblərinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Neft Fondunun son aylar valyuta hərraclarında aktiv iştirakı Mərkəzi Banka ehtiyatlarını qorumağa imkan verib.
"Hətta ötən ay Mərkəzi Bank ümumiyyətlə satış həyata keçirməyib və valyuta hərraclarında satılmış 482 milyon dolların hamısı Neft Fonduna məxsus olub. Məhz buna görə Mərkəzi Bank ehtiyatlarını qoruya bilib", —deyə ekspert bildirib.
Artımın nə ilə bağlı olduğuna Mərkəzi Bankın heç bir aydınlıq gətirmədiiyini, ən yaxşı halda illik hesabatda qısa məlumatla kifayətləndiyini qeyd edən ekspert, buna görə də artımın məhz nəyin hesabına baş verdiyini müəyyənləşdirməyin çox çətin olduğunu deyib: "İlk versiya onunla bağlıdır ki, Neft Fondunun hərraca çıxardığı və bankların almadığı dolların bir hissəsi Mərkəzi Bank tərəfindən alına bilər. Pul bazasının 147 milyon manat artması da dollar alışı fikrini möhkəmləndirir. Ancaq başqa amillər bunun əleyhinədir. Əvvəla, əgər Mərkəzi Bank hərrac vasitəsilə Neft Fondunun dollarını alsaydı, bu barədə məlumat yayılardı. Belə məlumat isə olmayıb. Həm də Neft Fondunun büdcə transferti üçün orta aylıq limiti 400 milyon dollar civarındadır. Mart ayında isə Fond 482 milyon dollar satıb. Ona görə Fondun artıq dollar satışına ehtiyacı yoxdur. Deməli, bu versiya inandırıcı görünmür".
Onun fikrincə, artım Mərkəzi Bankın valyuta ehtiyatlarının aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində baş verib: "Çünki mart ayında dollar əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatlarının təxminən 1/3-ni təşkil edən avro dollara münasibətdə mart ayında 5,4% artaraq $1.08-dən $1.138-ə yüksəlib. Bu isə təxmini hesablamalara görə, dollar ifadəsində 60-65 milyon əlavə artım deməkdir".
"Ötən ay ehtiyatda üçüncü ən böyük paya malik ingilis funtu dollara nisbətən 3,3% bahalaşıb. Göründüyü kimi, aktivlərin martın 31-i tarixinə yenidən qiymətləndirilməsi nəticəsindən ehtiyatların artımı baş verib", —deyə S. Əliyev qeyd edib.
"Aprel ayında nə gözləmək olar?" sualına cavabında ekspert deyib: "Hər şey Neft Fondunun bazara hansı həcmdə dəstəyindən və Mərkəzi Bankın manat intervensiyasının həcmindən asılı olacaq. Əhali tərəfindən psixoloji təsir altında dollar satışı artsa, bu, Mərkəzi Bankın valyuta ehtiyatlarını artıra bilər. Çünki dollar təklifinin artması Mərkəzi Bankı alışı həyata keçirməyə məcbur edə bilər. Ancaq manatın möhkəmlənməsi, yəni 1.50 həddindən də yuxarı qalxması hökumətə sərf etmir. Neft Fondunun digər öhdəlikləri onu bazarda iştirakını bir qədər azalda bilər. Belə vəziyyətdə əsas güc yenə baş bankın üzərinə düşəcək. Mərkəzi Bank isə öz növbəsində aprel ayında da ehtiyatların 4 milyardan aşağı düşməsinə imkan verməyəcək".