BAKI, 31 mart-Sputnik. İdxal mallarının qiymətlərinin "ədalətli" olması üçün islahatlar kompleks xarakter daşımalıdır və milli valyutanın kursu dünya bazarındakı qiymətlərlə sinxronlaşdırılmalıdır.
Bunu Sputnik-ə açıqlamasında Azərbaycan parlamentinin sabiq deputatı Nazim Məmmədov deyib.
Dolların martın 31-nə olan məzənnəsi 1,5421 manatdır. 11 martla müqayisədə dollar 6,3% ucuzlaşıb. Həmin vaxt dolların rəsmi məzənnəsi rekord qiymətə — 1,6456 manata bərabər idi.
Ekspertin sözlərinə görə, Azərbaycanın tələbat mallarının idxaldan asılı olması heç kəsə sirr deyil.
Rəsmi statistikaya görə, ölkənin idxaldan asılılığı 30-40% təşkil edir. Amma müstəqil ekspertlər tərəfindən aparılan hesablamalar, həmçinin bizim ticarət şəbəkələrindəki mallarla bağlı apardığımız müşahidələr göstərir ki, bir sıra idxal məhsulları 70-80%, ayrı-ayrı halda isə 90-100% təşkil edir.
İdxaldan yüksək asılılığı bir neçə il ərzində aradan qaldırmaq mümkün deyil. "Təəssüf ki, artıq belə bir ənənə formalaşıb — milli valyutanın dollar qarşısında zəifləməsi tələbat mallarının qiymətlərinini artmasına səbəb olur. Amma proses bunun əksinə gedəndə, biz bunun əksini görmürük" — deyə Məmmədov bildirib.
"Sahibkarlar hələ də psixoloji gərginlikdədirlər və onlar gömrük işçilərinə etibar etmirlər. Sözügedən Komitə isə məsələn, Vergilər Nazirliyi nəzdində xidmət səviyyəsinə enməyincə, idxal olunan malların qiymətinin enməsini görməyəcəyik" — deyə eks-deputat bildirib.
Valyuta bazarında kursun formalaşması əsasən gözləntilərdən asılıdır. Sirr deyil ki, neftin qiymətləri milli valyutanın kursuna ciddi təzyiq göstərir. İxracdan gələn gəlirlərin böyük əksəriyyətini neft və neft məhsullarından gələn pullar təşkil edir.
"Əgər neft 40 dollar səviyyəsində qalsa, milli valyutanın 30% möhkəmlənəcəyini demək olar. Belədə istənilən halda bu, ajiotaj fonunda baş verəcək.
İş ondadır ki, əhali öz maaşına valyuta alır və ümid edir ki, dollar yaxın vaxtlarda yenə qalxacaq. Və hazırda manatın qüvvətlənməsi fonunda yenə də eyni prosesi — əhalinin manatı kütləvi şəkildə banka satmasını gözləmək olar.
Dollara olan mövcud tələbatın ödənilməsi milli valyutanın möhkəmlənməsinə kömək edə bilər.
"Mən manatın möhkəmlənməsi ilə bağlı hazırda atılan addımları müsbət qiymətləndirirəm və məsləhət görürəm ki, xarici ticarət əməliyyatları ilə məşğul olmayan, xarici turist səfərlərinə getməyən və öz əmanətlərini dollarda saxlamayan vətəndaşlarımız aylıq gəlirlərini dərhal qaçıb banklarda dollara çevirməsinlər və əlavə süni tələb yaratmasınlar. Onlar bilməlidirlər ki, belə etməklə dolların kursundan qazanmayacaqlar. Sadəcə pulu 2 dəfə — manatdan dollara, dollardan da manata dəyişərək komisyon yığımında 8 faiz itirəcəklər. ", — deyə Məmmədov bildirib.