BAKI, 2 aprel-Sputnik. Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır.
Sputnik xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan sammitdə iştirak edən bir çox ölkə kimi artıq bir sıra addımlar atıb. "Bəzi ölkələrin yüksək zənginləşdirilmiş uran ehtiyatı var, onlar onu azaltmaq barədə qərara gəliblər. Digər ölkələrdə mülki nüvə obyektləri var, lakin vacib təhlükəsizlik təcrübəsi yoxdur və onlar daha yaxşı təhlükəsizlik praktikasını qəbul ediblər.
ABŞ prezidenti bütün dövlətlərin ümumi təhlükənin qarşısının alınması üçün öz töhfələrini əsirgəmədiklərini əlavə edib.
Nüvə Təhlükəsizliyi Sammitinin iştirakçıları təmas qrupunun yaradılmasına dair qərar qəbul ediblər. Obama bu barədə deyib: "Sammitdə yaradılan təmas qrupu birgə səyləri əlaqələndirəcək və bu sahədə ümumi planların icrasına nəzarət edəcək. Təmas qrupuna 30-dan çox ölkənin ekspertləri daxil olacaq. Onlar qərarlarımızın gerçəkləşməsi və əlaqələrimizi qorumaq üçün mütəmadi olaraq görüşəcəklər".
Qeyd edək ki, Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Nüvə Təhlükəsizliyi Sammiti daha əvvəl Vaşinqtonda (2010), Seulda (2012) və Haaqada (2014) keçirilib.