BAKI, 1 aprel-Sputnik. Fransada supermarketlərə ərzaqları tullamağı qadağan edən qanun qüvvəyə minib. Qanuna görə, mağazalar istifadə müddəti bitməyə yaxınlaşan məhsulları xeyriyyə təşkilatlarına, onlar isə öz növbəsində ehtiyacı olanlara ötürməyə borcludurlar.
Sənəddə göstərilib ki, istifadə müddəti bitməyə az qalmış ərzaqları tullayan supermarketlər cəzalandırılacaq.
Sputnik fins.az-a istinadla bildirir ki, bu qanun qəbul olunana qədər ticarət obyektləri nəinki ərzaqları atırdılar, hətta bilərəkdən onları yararsız hala salırdılar ki, evsizlər onları tapıb yeyə bilməsinlər.
Bu qanunu tövsiyə edən fransız parlamentarilərindən biri qeyd edib ki, yeni qaydalar ehtiyacı olan 10 milyonadək insanı doyurmağa imkan verəcək. Fransa dünyada bu qanunu qəbul edən ilk ölkə olub. Təşəbbüsü irəli sürən fəallar bu təcrübəni Avropa İttifaqının digər ölkələrində də yaymaq niyyətindədirlər.
Məsələ ilə əlaqədar iqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda bunun tətbiq olunması üçün kifayət qədər imkanlar var: "Bizdə ehtiyacı olan insanların sayı kifayət qədər çoxdur. Əgər ölkəmizdə tətbiq edilərsə, bu, yaxşı haldır. Sadəcə bunun üçün sivil toplumun aktivliyi lazımdır. Fransada bunu tək dövlət və yaxud bələdiyyələr etmir, həm də sivil toplum quruluşları edir. Onlarda, yüzlərlə bu işlə məşğul olan sivil toplum quruluşları var".
N.Cəfərlinin fikrincə, bu məsələlərdə vətəndaş cəmiyyəti özü aktiv olmalıdır.
"Hər regionda, məhəllələrdə ehtiyacı olan insanların siyahısı təsbit olunmalıdır. Bu iş həm də könüllülük tələb edir. Kompleks şəkildə bu məsələyə yanaşılsa, düşünürəm ki, Azərbaycanda da bunun tətbiq olunması üçün ciddi ehtiyac var" — deyə ekspert əlavə edib.