BAKI, 1 aprel-Sputnik. 1 aprel Ümumdünya Gülüş günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar.
Bu gün hər kəs bir-biri ilə zarafat edir, maraqlı lətifələr danışır, faktları bilərəkdən təhrif edərək təqdim edir, olmamış hadisəni olmuş kimi göstərir və s.
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı "ağılsızların günü" adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantini zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəkləndirməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.
Əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i — yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin "Aprel balığı günü" də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə — məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi.
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.
Almaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.
Bəs Azərbaycan mədəniyyətində gülüşün yeri haradadır? Komediya janrı bizdə nə dərəcədə inkişaf edib? Yumor hansı səviyyədədir? Biz ümumiyyətlə nəyə gülürük?
Sputnik əməkdaşının "Gülüş günü" ilə bağlı suallarını aktyor Kamran Ağabalayev cavablandırıb.
O deyib ki, bizdə gülüşün səviyyəsi çox aşağıdır.
"Hamı qurşaqdan aşağı zarafat etməyə çalışır. Çox təəssüf ki, bizdə incə yumor, yəni ingilis yumoru yoxdur. Amma bu gün gülmək vacibdir. İndi Azərbaycanda baş verənləri, sosial durumu, iqtisadi vəziyyəti nəzərə alaraq gülmək nəinki lazımdır, hətta vacibdir." — deyə aktyor bildirib.
Hər kəsin, eləcə də özünün ətrafda aqressiv yox, gülər üzlər görmək istədiyini qeyd edən Kamran Ağabalayev, umduqlarını nə ölkədə, nə də mədəniyyət sahəsində tapmadığını deyib:
"Azərbaycanda komediya janrının inkişafı, yumorun səviyyəsi barədə ancaq təəssüflə danışmaq mümkündür. Bizdə komediya janrında çəkildiyi iddia edilən filmlər bərbaddır. Onlara necə "komediya" demək olar ki? Bizdə hələ də yumorla şitliyi ayırd edə bilmirlər. Özünə yumorist, gülüş ustası deyən adamlar şit hərəkətlərini, məişət səviyyəsindəki düşükləmələrini camaata yumor adı ilə sırımağa çalışırlar. Mən xalqımıza həqiqi komediyanı, əsl yumoru və səmimi gülüşü arzu edirəm. Gülüş gününüz mübarək!"