BAKI, 31 mart — Sputnik. "Təhsilimizin mövcud vəziyyətinə dair TQDK-nın açıqladığı utancverici statistika, nəinki təhsil ictimaiyyəti, bütün cəmiyyət üçün "həyacan siqnalı" hesab olunmalıdır". Bunu Sputnik-ə açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.
Ekspert qeyd edib ki, bu rəqəmlər kiməsə yeni və təəcüblü görünsə də, bununla belə, illərdən bəri təkrarlanan və getdikcə dərinləşməkdə olan təzahürün nəticəsidir: "Pessimist proqnoz olsa da, razılaşmalı və qəbul etməliyik ki, bu proses hələ daha bir müddət davam edəcək və bir qədər də dərinləşəcək".
Bunun səbəblərinə gəldikdə, ekspertin sözlərinə görə, təhsil radikallığı, sıçrayış yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərcih edir: "Əbəs yerə deyil ki, hələ 1999-cu ildə qəbul edilmiş təhsil sahəsində islahat proqramında təhsilin əsas məqsədlərindən biri kimi birmənalı şəkildə qeyd edilmişdi ki, "təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılsın". Biz nə etdik? Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Sovet təhsil sistemindən tam olaraq çıxa bilməməklə yanaşı, Qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Yəni, təhsilimiz, əgər belə demək olarsa, bir növ Şərqlə Qərb arasında qalıb".
N. İsrafilov bildirib ki, Azərbaycanda repetitorluğun çiçəklənməsinə və ayrı-ayrı əlavə hazırlıq kursları şəbəkəsinin inkişaf tapmasına rəvac verməklə, məktəb mühitinin deformasiyaya uğramasına şərait yaradılıb: "Qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, konkret dar ixtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə oxumağa marağının itməsinə zəmin yaratdıq. Gündəlik qiymətləndirmənin ləğv edilərək diaqnostik, formativ, summativ qiymətləndirməyə keçilməsı, rüblük qiymətləndirmənin yarımillik qiymətləndirmə ilə əvəz edilməsi, aralıq imtahanlarının aradan götürülməsi, ucdantutma hamıya attestat verilməsi və bu kimi digər dərindən düşünülməmış dəyişikliklər şagirdlərin Əsanamə üzrə nəzərdə tutulmuş hüquq və vəzifə məsuliyyətini nəzərəçarpacaq dərəcədə azaltmış oldu".
"Qiymətləndirmə mexanizmlərindəki boşluqlar, orta məktəblərdəki klassik "5" ballıq şkala ilə qəbul zamanı tətbiq olunan 700 ballıq qiymətləndirmə arasındakı ciddi uyğunsuzluqlar, müəllim hazırlığında peşəkarlığın məhdudluğu, dərsliklərin lazımi bilik təminatını ödəməməsi, TQDK və Təhsil Nazirliyinin yaranan problemi fərqli prizmalardan qiymətləndirməsı və digər səbəblər yaranmış vəziyyətdə öz rolunu oynayıb. Hesab edirəm ki, bu proses hələ neçə illər davam edəcək", —deyə ekspert bildirib.
Qeyd edək ki, Azərbaycanda abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, attestatda bütün qiymətləri "5" olan abituriyentlərlə bütün qiymətləri "3" olan abituriyentlərin imtahan balları müqayisə edilib.
Açıqlamaya əsasən, tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97.02%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif — 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 48.46%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.
TQDK-dan verilən xəbərə görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.
Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmaması nəzərə alınsa, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar.