BAKI, 30 mart — Sputnik. Brüssel və Parisdə yaşanan son terror hadisələrindən sonra paytaxt Bakıda təhlükəsizlik tədbirləri gücləndirilib. Beynəlxalq hava limanı, dəmiryolu vağzalı, metro stansiyaları polis orqanları tərəfindən ciddi nəzarətə götürülüb.
Bəs görəsən, son illər ard-arda tikilən, insanların sıxlıq təşkil etdiyi iri alış-veriş, ticarət mərkəzləri necə qorunur? Sputnik-in əməkdaşı paytaxtın bir neçə iri ticarət mərkəzində mühafizənin necə və kimlər tərəfindən qorunduğunu araşdırıb.
Nəticədə məlum olub ki, bu cür obyektlərin çoxunda hələ də təhlükəsizlik tədbirləri istənilən səviyyədə deyil. Çox az sayda obyektlər insanların təhlükəsizliyi üçün lazımi şərait yaradıb. Qalanlarında isə vəziyyət qənaətbəxş deyil.
Məşhur "28 Mall" ticarət mərkəzində təhlükəsizlik tədbirləri maksimum həddə çatdırılıb desək, yanılmarıq. Fransadakı terrordan sonra obyektin mühafizəsi daha da gücləndirilib. Mərkəzin girişində mühafizəçilərlə yanaşı, xüsusi təhlükəsizlik qurğuları da quraşdırılıb. Həmçinin binanın hər mərtəbəsində bir neçə mühafizəçi ərazini ciddi nəzarətə götürərək, şübhələndikləri şəxslər barədə mühafizə rəhbərinə rabitə ilə məlumat ötürürlər.
"28 Mall"a nisbətən kiçik olsa da, insanların sıx halda üz tutduqları "Baku Mall"da isə təhlükəsizlik tədbirləri elə də qənaətbəxş deyildi. Bu ticarət mərkəzində ümumiyyətlə mühafizəçilər yoxdur. Obyektin təhlükəsizliyini ancaq nəzarətçilər qoruyurlar.
Baş nəzarətçi Elçin Ələkbərov Sputnik-in əməkdaşı ilə söhbətində, tabeliyində olan işçilərin professional olduqlarını, hər hansı təhlükəyə qarşı hər an ayıq-sayıq davrandıqlarını deyib. O, şirkət rəhbərliyinin nəzarətçilərə tez-tez təlimat keçdiyini də qeyd edib.
"Əlbəttə, dünyanın bir çox ölkələrində artan terror hadisələri bizi işimizə daha ciddi yanaşmağa sövq edir. Əminliklə deyə bilərəm ki, mərkəzdə təhlükəsizlik maksimum səviyyədə qorunur", —E. Ələkbərov deyib.
Paytaxtın ən iri ticarət mərkəzi isə, heç şübhəsiz ki, Dənizkənarı Milli Parkda yerləşən "Park Bulvar" ticarət mərkəzidir. İnsanları da daha çox məhz bu obyektin təhlükəsizliyi maraqlandırır.
Binanın mühafizəsinin hansı səviyyədə olması barədə "Xəzər" Mühafizə Xidmətinin "Park Bulvar"dakı mühafizə hissəsinin rəhbərinə müraciət etdik. Həmin şəxs mühafizənin necə təmin olunması ilə bağlı ətraflı məlumat verməsə də, vətəndaşların təhlükəsizliyinin maksimum səviyyədə qorunduğunu söylədi. O, dəfələrlə şübhəli hesab etdikləri şəxsləri mərkəzdən uzaqlaşdırdıqlarını vurğuladı.