BAKI, 15 mart — Sputnik. ABŞ səfirliyinin Ankaranın Qızılay istiqamətində baş verən terrordan iki gün əvvəl bu barədə xəbərdarlıq etdiyi haqda məlumat öz aktuallığını qoruyarkən, yeni bir terror xəbərdarlığı gəlib.
Səfirliyin ABŞ-ın investisiya şirkətlərinə göndərdiyi kəşfiyyat məlumatlarına istinad edilən məktubunda, 20 martda növbəti terror olacağı barədə xəbərdarlıq edilib.
Sputnik Habertürk-ə istinadla xəbər verir ki, xəbərdarlıq məktubunda dövlət və hökumət binaları kimi terrorun hədəfi ola biləcək yerlərdən uzaq durmaq tələb olunur. Burada inzibati binalar, hərbi birliklərin, diplomatik missiyaların yerləşdiyi binaların, meydanların, ibadət və turizm yerlərinin də hədəf ola biləcəyi qeyd edilib.
Hətta Novruzun son həftəsi ilə üst-üstə düşdüyünə görə, terror aktlarının arta biləcəyi ehtimalı da irəli sürülüb: "Çoxluğun olduğu hər yerdən, hökumət idarələri, səfirliklər kimi terrorun hədəfi olacaq yerlərdən uzaq durun".
Səfirlik ABŞ vətəndaşlarına bu həftəyə planlaşdırdıqları səfərlərini təxirə salmağı tövsiyyə edir. "Ailənizi və yaxınlarınızı vəziyyətdən xəbərdar edin", — deyə səfirliyin xəbərdarlıq məktubunda bildirilib.