BAKI, 30 mart — Sputnik. Dünən Türkiyənin İstanbul şəhərində voleybol üzrə Avropa kuboku çərçivəsində, Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Dinamo" klubu ilə qarşılaşıb. Oyun zamanı "Qalatasaray" klubunun azərkeşləri rusiyalı idmançılara əllərində olan butılkaları, zibil qutularını atıblar.
Məsələ ilə bağlı Sputnik-ə açıqlama verən "Azəryol" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov hesab edir ki, idmanı siyasətə qatmaq doğru deyil. Onun sözlərinə görə, hal-hazırda Rusiya ilə Türkiyə arasında baş yaşanan gərginliyin idmana da sirayət etməsi, daha doğrusu idmanı siyasi münasibətlərə qatmaq üzücüdür.
"Bu, düzgün deyil. İdman ayrı, siyasət ayrı. Aqressiya idmanda ola bilər, idmançı idmançıya xarakter göstərib qalib gələ bilər. Amma idmançının idmançıya və ya azarkeşin idmançıya nə isə əşya atması… bu, idman qanununa ziddir", —deyə Z. Rəcəbov bildirib.
Baş məşqçi əlavə edib ki, bütün bunlarla yanaşı, azarkeşlərdə hansısa çılğınlığın, aqressiya hallarının olması da başadüşüləndir: "Hər bir azarkeşin bir xarakteri var. Sadəcə siyasəti də idmana qatdıqları üçün belə nəticə yaranıb. Başqa klubla Türkiyə oynasaydı, azarkeşlər belə aqressiya göstərməzdilər. Amma yenə də deyirəm, idmanı siyasətə qatmaq olmaz".