Azərbaycanda gənclərin stolüstü tennisə marağı günü-gündən artır. Sputnik-in əməkdaşı, bu idman növünün xüsusiyyətləri, ölkəmizdə stolüstü tennisin inkişaf dinamikası və digər mövzular ətrafında, gənc və perspektivli stolüstü tennisçi Məryəm İmanova ilə həmsöhbət olub.
- Məryəm peşəkar stolüstü tennisdəsən. Necə oldu, bu idman növünü seçdin? Axı bir neçə il öncə bu idman növü elə də məşhur deyildi…
— Mənim dayım stolüstü tennis müəllimidir. Mən də kiçik yaşlarımda zala gedirdim. Nəhayət, 6 yaşımdan mən də məşqlərə qoşuldum. Sonralar bu idman növünə sevgim yarandı və beləliklə qərara gəldim ki, peşəkar idmançı olacam.
- İndiyə qədərki hədəflərinə çata bilmisən?
— İlk zala daxil olduğum zaman oradakı müsbət aura və kollektivimizin yaxşı olması məni idmana daha da həvəsləndirdi. Özümdən güclü idmançıları görüb onlar kimi olmağa çalışırdım. İllər keçdikcə mən də onlar kimi yaxşılar sırasına qatılmağa başladım. Hal-hazırda milli yığmada yer alıram. 18 yaş üçün məncə, böyük uğurdur. İdmana başlayanda qarşıma Respublika çempionu olmaq məqsədi qoymuşdum. Və çox məşq edib bu məqsədimi reallaşdırdım. İndi isə qarşıma Avropa və dünya çempianatında uğur qazanmaq məqsədləri qoymuşam. İnanıram ki, çox məşq edib, əziyyət çəksəm, bu məqsədlərimə də çata biləcəm.
- Olimpiyadada hələ də bizi təmsil edən və uğur qazanan stolüstü tennisçimiz yoxdur. Yaşın bu baryeri aşmağına və olimpiyadada iştirak etməyinə uyğundur. Bu haqda düşünürsən?
— Stolüstü tennis elə idman növüdür ki, mən deyə bilmərəm, olimpiya çempionu olacağam. Əlimdən gələni edirəm, çox məşq edirəm, amma olimpiyadaya gedə biləcəm, ya yox, onu bilmirəm.
- Nədənsə inamsızlıq var deyəsən…?
— Yox. Sadəcə beynəlxalq yarışlarda çox oluram və uğur qazandıqlarım da var, məğlub olduğum da. Bu təcrübəmə əsaslanıb deyirəm ki, olimpiyadaya lisenziya qazanmaq çox çətindir. Mənə görə böyük öhdəlikdir.
- Karyeranı nə vaxta kimi davam etdirmək fikrindəsən?
— Hələ yeni başlayıb karyeram. Gücüm nə qədər çatacaqsa, o qədər davam edəcəm. Ancaq irəli getməyi düşünürəm.
- Millidə çinli rəqibləriniz də var. Hansı ki sizə qalib gəlirlər. Bu, sizə mənfi təsir etmir?
— Bəli, kifayət qədər güclü rəqibdirlər. Onlar Çində məşq etdiklərindən, daha güclüdürlər. Onların zallarında məşq etmək üçün daha münasib şərait var. Həm yarışıar çox keçirilir Çində. Ona görə orda təcrübə qazanmaq daha asandır. Amma onları məğlub etmək mümkünsüz deyil sadəcə özünü toplamaq lazımdır. Bir az da təcrübə yığaraq onları məğlub etmək olacaq. Əsas özünə inanmaqdır.