BAKI, 29 mar — Sputnik. Bir neçə gün öncə kikboks üzrə Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Ramal Aslanov hollandiyalı idmançı Mervin Rozendtruik üzərində qələbə qazanaraq Dünya Çempionu olub. Sputnik-in əməkdaşı çempiondan yarış haqqında təəssüratlarını öyrənib. İdmançının yarış haqqında fikirlərini təqdim edirik:
“Çox çətin döyüş oldu. Rəqib Surinam əsilli Hollandiya idmançısı idi. 5 raund davam edən düyüşdə xal hesabı ilə qalib gəldim. Mən özümə inanırdım. Tək bu yarışa yox, ümumiyyətlə bütün yarışlara gedəndə idmançıya inam lazımdır, əks halda qalib gəlmək mümkün deyil.”
İdmançı gələn ay baş tutacaq yarışından da söz açdı:
“Gələn ay italyan idmançısı ilə qarşılacağam. Aprelin 28-də Tatarıstanda baş tutacaq Tatneft peşəkar liqində Fabio di Marco ilə K-1 növündə döyüşəcəm. Qalib gəlməyə iddialıyam. Bu dəfə də bayrağımızı dalğalandırmağa çalışacam.”