Son zamanlar Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti hiss olunmur. Bəzi hallarda lombardların BOKT-ların fəaliyyətinə əngəl törətdiyi də iddia olunur. Məsələ ilə bağlı Sputnik-in əməkdaşı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov ilə həmsöhbət olub.
- Əkrəm bəy, ölkədə bank olmayan kredit təşkilatlarının fəaliyyəti niyə hiss olunmur?
— Azərbaycanda qanunsuz fəaliyyət göstərən, bank olmayan kredit təşkilatları var. Yəni, lisenziya almamış, bu fəaliyyəti göstərən təşkilatlar var. Bunlar lombardlardır. Bizdə lombardlar faktiki olaraq, elə bank olmayan kredit təşkilatlarıdır. Bunlar da müəyyən şəxslərdən aşağı faiz ilə kredit alırlar, o biri şəxslərə böyük fazilə kredit verirlər. Halbuki lombard öz pulu ilə kredit verməlidir. Məhz buna görə bizdə BOKT-lar o qədər də aktiv deyil.
- BOKT-ların fəaliyyətini necə gücləndirmək olar?
— Kimsə BOKT təsis etmək istəyir. Deyir ki, gərək qeydiyyatdan keçim, 300 min manatım olmalıdır, lisenziya almalıyam və s. Ondansa gedərəm, lombard açaram, kapitalım da olmayacaq. Azərbaycanda lombard var ki, kapitalı cəmi 2 manatdır. Bu pulu hardan götürməlidir? Deməli, bu pulu kimdənsə borc alır. Əgər borc alırsa, bu, artıq bank olmayan kredit təşkilatı olur. Əgər BOKT-ların fəaliyyətinin güclənməsini istəyiriksə, lombardların qeyri-qanuni fəaliyyətini təcili dayandırmalıyıq. BOKT-ların bazarda aktiv olması üçün pul cəlb etmək lazımdır. Belə çıxır ki, onların pulu yoxdur, ona görə də aktiv deyillər. Və yaxud da necə ki, bəzi banklar yaradıblar, amma əslində onlar da heç aktiv deyil. Sadəcə müəyyən öz təsisçilərinə xidmət göstərirlər. Ola bilər ki, BOKT-ların içərisində də belələri var. Bu, yaxşı hal deyil. Azərbaycanda nə bank, nə də BOKT-ları təsis etmək asandır. Hətta pul olsa belə, çox zaman bunu təsis etmək olmur.
- Lombardların fəaliyyətinə nəzarət varmı?
— Ümumiyyətlə, Mülki Məcəlləyə görə, lombardların lisenziyası olmalıdır. Amma qanunvericilik onlara lisenziyanın kimin tərəfindən və necə verilməsini müəyyənləşdirməyib. Ona görə də kimin keyfi istəyir, özü üçün lisenziyasız lombard açır, necə istəyirlər, elə də işləyirlər. Bunlara nəzarət yoxdur. Belə bir şəraitdə BOKT-lar lombardlar ilə rəqabətqabiliyyətli olmurlar. İlk növbədə lombardların fəaliyyəti yoxlanmalı və çoxu bağlanmalıdır.
- Bank ilə BOKT-ların fərqi nədir?
— Bankın 3 fəaliyyəti var: Başqalarından əmanət, kreditlər cəlb etmək, cəlb etdiyi pul ilə kreditlər vermək və üçüncüsü, bank hesabları, pul köçürmələri aparmaq və s. BOKT-lar isə yalnız bir şəxsdən kredit alır, o birisinə krediti verir. BOKT-lar bank hesabı, pul köçürməsi, nağd pul əməliyyatı apara bilməz və s. Bankın minimal kapitalı əgər 50 milyon manatdırsa, BOKT-da isə cəmi 300 min manatdır. Bizdə kredit təşkilatlarının çoxlarının heç 300 min manat kapitalı yoxdur. Onları bağlamaq lazımdır. Amma Azərbaycanda elə BOKT-lar var ki, banklardan qat-qat güclüdür.
- BOKT-lara fəaliyyət göstərmək üçün lisenziyanı kim verir?
— İndiyə kimi, BOKT-lara fəaliyyət göstərmək üçün lisenziyanı Mərkəzi Bank verirdi. Mərkəzi Bank da müəyyən əngəllər törədirdi, hamıya lisenziya vermirdi. Tutaq ki, təsisçilər gəlib deyirlər ki, "300 min manatımız var, fəaliyyət göstərmək istəyirik". Sənədlər də qaydasındadır. Mərkəzi Bank isə bunlara lisenziya vermirdi. İndi həmin səlahiyyət Mərkəzi Bankdan alındı və Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. Palatadan gözləntimiz odur ki, qanunauyğun olaraq kim bu fəaliyyətlə məşğul olmaq istəyirsə, onlara süni əngəllər törədilməsin, lisenziya versin ki, işləsin.
Qeyd: Azərbaycanda dövlət qeydiyyatına alınmış 47 bank olmayan kredit təşkilatı olsa da, bunun təxminən yarısı bazarda aktiv fəaliyyət göstərir. Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib.
Onun sözlərinə görə, BOKT-ların təxminən yarısının fəaliyyəti yox dərəcəsindədir: "20 BOKT bizim assosiasiyaya üzvdür, onların hamısı normal fəaliyyət göstərir. Həmçinin AMFA-nın üzvü olmayan 5-6 BOKT var ki, onlar da bazarda nəzərəçarpacaq paya malikdir. Qalan BOKT-ların isə fəaliyyəti elə də hiss olunmur. Yəni, nə vaxtsa qeydiyyatdan keçsələr də, bu gün onlar camaat arasında elə də tanınmır, aktiv şəkildə kredit vermilər, bəzilərinin heç dəqiq baş ofislərinin, filiallarının ünvanı məlum deyil".