BAKI, mart — Sputnik. Azərbaycanda sahibkarlar banklardan asılıdırmı? Bankların birləşməsi bu sektorda işsizliyi artırıbmı?
Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda banklar çöksə və sahibkarlar vəsait cəlb edə bilməsələr, iş yerləri azalacaq, ölkənin ümumi daxili məhsulu və digər göstəriciləri aşağı düşə bilər.
Ekspertin sözlərinə görə, sahibkarlığın inkişafı ancaq bank kreditləri vasitəsilə ilə olmur: "Səhmdar cəmiyyətləri, qiymətli kağızlar və s. yollar ilə sahibkarlıq inkişaf edə bilir. Yəni, demək olmaz ki, banklar kreditlər verməsə, sahibkarlıq batacaq, ölkə iqtisadiyyatı dağılacaq. Bizdə təəssüf ki, iqtisadiyyatda elə bir sistem qurulub ki, sahibkarlar tamamilə banklardan asılı olublar. Çünki, qiymətli kağızlar bazarı yoxdur, yəni, investisiyaları yoxdur. Səhmdar cəmiyyətləri yoxdur".
"İslam bankçılığı yoxdur. Bunlar olmadığı şəraitdə bizdə indi vəziyyət belədir. Amma digər alətlər də inkişaf etsə, banklardan asılılıq aradan qalxacaq", —deyə Ə. Həsənov bildirib.
"Bankların birləşməsi bu sektorda iş yerlərinə necə təsir göstərir?" sualına ekspert belə cavab verib: "Onsuz da bankların işçi qüvvəsi şişirdilmiş idi. Böhran bəzilərini işsiz qoyur. Buna faciə kimi də baxmaq lazım deyil. Amma hesab edirəm ki, bank sistemini qorumaq lazımdır. Bunlara dövlət səviyyəsində kömək lazımdır. Mərkəzi Bank tərəfindən kreditlər verilməlidir ki, onlar çökməsin. Yəni, bu vəziyyətdən çıxsınlar".
Devalvasiya məsələsinə toxunan ekspert bildirib ki, Azərbaycanda böhran davam edəcəksə, bunun qarşısı alınmayacaqsa, devalvasiya ola bilər: "Hazırda dövlət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir və keçiriləcək. Ümid edək ki, bu vəziyyətdən çıxacağıq".
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin yanvar ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21718,0 milyon manat təşkil edib, onun 16417,2 milyon manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2015-ci il yanvar ayının 1-i ilə müqayisədə 17,1 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,9 faizini təşkil edib.