BAKI, 28 mart-Sputnik. Qax rayonunda qanunsuz dini yığıncağın keçirilməsi və dini ədəbiyyatın təbliği ilə əlaqədar olaraq bir qrup şəxs rayonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qax rayon Polis şöbəsindən Sputnik-in əməkdaşına bildiriblər ki, sözügedən halla bağlı onlara məlumat daxil olub. Rayonun hüquq-mühafizə orqanları birgə əməliyyat keçirib.
Məlum olub ki, Xusişvilinin evində dövlət qeydiyyatından keçməmiş dini icmanın nümayəndələri toplaşaraq qanunla qadağan olunmuş dərnəklər təşkil edirlər.
Burada xristian dininə məxsus naməlum təriqəti təmsil edən 56 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 44-ü Qax rayonun, 9-u Zaqatalanın, 5-i isə Bakı şəhərinin sakinləri olublar.
Evə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməmiş 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyat aşkar edilib.
Rayon sakinlərinin verdiyi məlumata görə, Xusişvilinin evində aşkarlanan şəxslər Gürcüstanda fəaliyyəti qadağan edilən baptist kilsənin üzvləridir. Onların məqsədləri hələ ki, ictimaiyyətə aydın deyil.