BAKI, 30 yan — Sputnik. 2015-ci ildə ölkədə 52 dini icma dövlət qeydiyyatından keçib. APA-nın məlumatına görə, bunu yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının (DQİDK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclasında Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Qeydiyyatdan keçən dini icmalardan 49-u İslam, 3-ü qeyri-islam təmayüllü dini icmadır. Beləliklə, ümumilikdə Azərbaycanda qeydiyyata alınmış dini qurumların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.