Hikmət Orhun, Sputnik Azərbaycan
BAKI, 25 mart — Sputnik. XX əsrin əvvəllərində Qazaxın adlı-sanlı adamlarından hesab olunan Hacı Zeynal Məhəmmədəli oğlu Cəfərevi tərəfindən inşasına başlanan Qazax Cümə məscidinin tikintisi zamanı İsrafil Ağa Kərbəlayev hacıya yaxınlaşır ki, "mənim sizə nə köməyim dəyə bilər?".
Hacı ağaya deyir: "Onsuz məscidin inşasını öz boynumuza götürmüşük, heç bir köməyiniz lazım deyil, yaxın vaxtlarda təhvil verəcəyik. Yaxşısı budur, siz onun qabaq-qənşərində bir hamam tikdirəsiniz, insanlar ibadətə gəlib-gedəndə burada paklana bilsinlər".
O, hacının dediyi kimi də edir — məscidin qarşısında qoşagünbəzli bir hamam tikdirir.
İnşası mübahisəlidir
Qazax Cümə məscidinin tikintisini bir çox mənbələrdə İsrafil ağanın adıyla bağlayırlar. Yazırlar ki, 1899-cu ildə inşasına onun təşəbbüsü, memar Müzəffər Hüseynovun layihəsi əsasında başlanıb. Tarixçilər isə bununla razılaşmır. Hətta, onların sözünü təsdiq edən bir əhvalat da var.
Deyirlər, məscidin inşası üçün pul lazım olub. Ağaya müraciət edəndə isə o, "Mənim pullarım haramdır, ağa puludur. Allahın evinin tikintisinə layiq deyil", — deyib. Sonra da üstünə pula gələn adamları əliboş qaytarmamaq üçün öz evinə göndərib ki, "yoldaşıma deyin, anamın tikdiyi xalçanı divardan çıxarıb versin, aparıb satın".
Qazax rayon Mədəniyyət və Turizm şöbəsi nəzdində Tarix və mədəniyyət abidələrinin mühafizəsi bölməsində abidə mühafizəsi vəzifəsində işləyən Nofəl Qurbanov da tikilinin Hacı Zeynal Cəfərevi tərəfindən inşa olunduğunu deyir. Onun sözlərinə görə, 1901-ci ildə məscidin tikintisini yekunlaşandan sonra inşasına başlanan hamam ibadət əhlinin, yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulub.
"Təxminən 1903-1904-cü illərdə, bəzi mənbələrdə isə 1905-1907-ci illərdə təhvil verildiyi qeyd olunan abidənin yüz ildən artıq tarixi var. Deyilənə görə, hörgüsündə istifadə olunan palçıq yumurta və südlə yoğrulub, tərkibinə keçi tükü qatılıb", —deyə N. Qurbanov bildirdi.
Sovet hökuməti dağılanda yanacaq verilmədiyindən bir müddət istifadəsi dayandırılan, hətta, yararsız hala gətirilən taxiri abidə sonralar yenidən öz fəaliyyətini bərpa edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Yerli əhəmiyyətli abidə qorunur.
İsrafil Ağa
Min evli Kəsəmən kənd sakini İsrafil ağa Kərbəlayev Qazax qəzasının tanınmış bəylərindən və xeyriyyəçilərindən biridir. 19-cu əsrin sonu — 20-ci əsrin əvvəllərində Qərbi Azərbaycanda, Türkiyədə və İranda qaçaq kimi tanınan Kərəmlə qan düşməni olub.
Onların haqqında xeyli rəvayət var ki, bu gün də xalqın dilindən düşmür. Yazıçı Fərman Eyvazlının "Qaçaq Kərəm" romanında da onların dostluğundan, kişiyana düşmənliyindən söhbət açılır.
Təkcə Qazax rayonunda tarixi abidə kimi dörd tikilini onun adıyla bağlayırlar: Ağ Evlər, Cümə məscidi, 3 nömrəli məktəbin binası (hansı ki, bu bina 1918-ci ildən 1940-cı illərə qədər Firudin bəy Köçərlinin təşəbbüsü ilə Qori Seminariyasının Qazaxa köçürülən Azərbaycan bölməsinin binası kimi fəalliyyət göstərib. Onun yetirmələri olan Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı Azərbaycanın görkəmli şəxsiyyətləri, adlı-sanlı ziyalıları olublar). Dördüncü tikili isə yazımızın əsas mövzusu — hazırda onun adını daşıyan İsrafil Ağa hamamıdır.
Camaşırxana kimi fəaliyyət göstərir
Günümüzdə hər kəsin evində olduğuna görə, insanlar ümumi hamamlara getməyə ehtiyac duymasa da, "İsrafil Ağa hamamı"nın müdiri Eldəniz Əzimov deyir ki, daimi müştəriləri, gəlib-gedənləri olur: "Sovet hökuməti dağılanda hamam iki-üç il viran qaldı. Kimi qapısını sökdü, kimi kərpicini. Kimi vannalarını apardı".
"Mənim 14-15 yaşım vardı. Fəhlə tutub, diqqətsiz qaldığından, həm də tualet kimi istifadə olunan hamamı güc-bəla təmizlədik. Tarixi abidələrə diqqət yarananda o zamankı icra başçısının təklifi ilə biz, 1994-cü ildə buranı götürüb, yenidən işlətməyə başladıq. O işləyən — bu işləyən, hələ də fəaliyyətimizi davam etdiririk", —deyir hamamın müdiri.
E. Əzimovun sözlərinə görə, günü bu gün dörd-beş ailə burada normal dolanışıq əldə edir: "Bacaran qədər yuyunmağa gələn imkansız insanları, ailəsindən uzaqda Vətənə xidmət edən əsgərləri təmənnasız qəbul edirik. İşçilərə tapşırmışam, kimliyindən asılı olmayaraq gördünüz, pulu-parası yoxdur, mən yerimdə oldum-olmadım, canla-başla qarşılayın. Hamamın gəliri xərcləri qarşılamadığından camaşırxana da açmışıq".
Turistik məkan kimi diqqətdən kənarda qalıb
Hamamın ümumi zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. Böyük ölçülü (30m x 20m) hamamın quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və Şərq hamamlarına xas olan dəhliz ilə birləşən iki günbəzli hissə və kabinələrdən ibarət hissə.
Küçəyə çıxan tərəfində kiçik dükanlar yerləşir. Quruluşuna görə, Şərq və Avropa tələblərini özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər bölgələrində rast gəlinmir.
Yay aylarında buxar hamamı üçün üz tutduğumuz Tiflis hamamlarından heç nəyi ilə fərqlənməyən hamam tarixi abidə kimi qorunsa belə, turistik məkan kimi diqqətdən kənarda qalıb. Yaşlı nəsil yolu düşəndə gəlib-gedir, yerdən qalxan nəsil isə ümumiyyətlə, onun varlığından belə xəbərsizdir.