Şahpəri Abbasova, Sputnik
Bakı, 18 mart — Sputnik. Şəki qədim sənət növlərini təmənnasız olaraq yaşadan sənətkarlarla zəngin bir yerdir. Bəlkə oxuculara qəribə görünəcək, amma günümüzdə — 21-ci əsrdə hələ də Şəkidə keramika istehsalına, daha dəqiq desək, kirəmit dam örtüklərinin hazırlanmasına özünü həsr etmiş adamlar var.
Yəqin düşünəcəksiz ki, tikinti materialları sahəsində nanotexnologiyaların, müxtəlif innovasiyaların mövcud olduğu bir vaxtda bu sənəti davam etdirməyə nə ehtiyac var? Sputnik-in araşdırması sayəsində məlum oldu ki, əslində bu örtüyə tələbatın olması zəruridir.
Azərbaycanın şimal-qərb bölgələrində, daha çox Şəkidə yerləşən yaşı bir qədər çox olan evlərin əksəriyyətinin damı kirəmit örtüklərlə yapılıb. Özünəməxsus görünüşü ilə diqqəti cəlb edən kirəmitin hazırlanması isə olduqca çətin prosesdir. Bunun ən çətin tərəfi isə dam örtüklərinin hazırlanacağı xüsusi torpağın tapılmasıdır.
Abid Umarov Şəkidə sayılıb-seçilən ustalardan biridir. Onun sözlərinə görə, kirəmit üçün torpağın tapılması qızıl axtarışından heç də fərqlənmir. Əvvəllər Şəkidə kirəmit istehsal edən zavod fəaliyyət göstərsə də, şəxsi evlərdə, həyətlərdə də bu sənəti yaşadanlar olub. Hətta, bəzi ailələr kollektiv şəkildə bu çətin peşəylə məşğul olublar.
Abid dayının dediyinə görə, kirəmit müasir dam örtüklərindən fərqli olaraq daha uzunömürlüdür və insan sağlamlığı üçün heç bir təhlükə yaratmır: "Təbii torpaqdan hazırlandığı üçün heç bir radiaktiv təhlükəsi yoxdur. Hazırlanma prosesi çətin olan bu örtüklərin qiymətinin baha olması, eyni zamanda işlənmə prosesində ağac materiallarından çox istifadə edilməsi kirəmit istehsalının dayanmasına səbəb olub. Torpaq kirəmitlərin hazırlanmasının sirlərini bilən adamlar isə az saydadır. Qorxuruq ki, bu adamlar da dünyadan köçsələr, qədim sənətkarlığın bu növü sıradan çıxmış olacaq."
Abid dayı onu da qeyd edib ki, kirəmitlə işləmək olduqca çətin və vaxtaparandı. Buna baxmayaraq, o özü hər zaman kirəmitə üstünlük verir.
"Bildiyiniz kimi, Şəki-Balakən bölgəsi rütubətli iqlimə malikdir. Kirəmit dam örtüyü xeyli dərəcədə rütubətin qarşısını alır, onu aradan qaldırır. Faydalı cəhətləri və xüsusi interyeri olan bu örtüklərin yenidən istehsalı zəruridir. Bunun üçün isə kirəmit istehsal edən zavodun da olması vacibdir. Ümid edirik ki, gələcəkdə bu sənət sahəsinin yenidən canlandırılması istiqamətində işlər görüləcək. Nəzərə alsaq ki, qədim və tarixi abidələrin təmir və bərpası istiqamətində xüsusi tədbirlər görülür, bu cür abidələrin dam örtüyünün məhz kirəmitdən olması qədimilik baxımından xüsusi əhəmiyyət kəsb edir." — deyə A.Umarov əlavə edib.
Onun sözlərinə görə, sözügedən bölgədə müasir evlər tikmiş bəzi imkanlı adamlar xüsusi olaraq kirəmit dam örtüyü üçün sifarişlər verirlər. Bu isə daha çox estetik zövq və klassik üsluba maraqdan irəli gəlir.
Sənətkarın sözlərinə görə, Şəkiyə gələn turistlərin əksəriyyətini bu şəhərin qədimliyi və memarlıq üslubu cəlb edir. Onlar kirəmit örtüklərə xüsusi maraq nümayiş etdirirlər. Kirəmit istehsalı daha çox bu bölgəyə xas qədimliyi qorumaq, onun turistik əhəmiyyətini artırmaq baxımından da önəmlidir.
"Təəssüf ki, biz xalq olaraq yenilikləri tez əxz edirik. Amma başa düşmürük ki, başqalarının gətirdiyi yeniliyin müqabilində biz öz qədimliyimizi, tariximizi, klassik memarlıq üslubumuzu, dəyərlərimizi itiririk. Bəlkə də, "heç kəsə lazım olmayan sənət"lə məşğul olduğumuza görə bizi qınayanlar var. Əgər bizi öz dədə-babalarımızdan bizə miras qalan sənəti yaşatdığımıza görə qınayırlarsa, onlara deyəcək sözümüz yoxdur." — deyə A.Umarov sözünü tamamlayıb.
İndi Şəkinin keramika ustaları əlaqədar dövlət qurumlarının onların sənətinin yaşamasına dəstək verəcəyi günü gözləyirlər.