Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirilən, Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi gününə həsr olunmuş mətbuat konfransında, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib. Beynəlxalq İstehlakçılar Təşkilatının hər kəsi heyvan mənşəli qidalardan ehtiyyatlı olmağa çağırdığını deyən ekspertin sözlərinə görə, çoxlu baytarlıq dərmanının qalıqları insan orqanizminə keçər və belə gedərsə, 20 ildən sonra insanların müalicəsində böyük problem olacaq.
"İnsanların bədənində o qədər antibiotik toplanacaq ki, insanların dərmanlara reaksiyası sıfıra enəcək və böyük tibbi problemlər meydana çıxacaq", —deyə E. Hüseynov vurğulayıb.
Bundan başqa, birlik sədri istehlak bazarındakı digər problemli məsələlərə də toxunub. O qeyd edib ki, ölkədə bayram mallarının qiymətlərində keçən il ilə müqaisədə 5 faiz artım var. Bayram süfrəsinə gəldikdə isə, ekspert bildirib ki, 4 nəfərlik ailənin ucuz bayram süfrəsinin qiyməti 100 manatdan başlayır: "Yaxşı və orta süfrə isə 150 manat tələb edir. Bayramqabağı təşkil olunan yarmarkalar adi bazarlardan heç də fərqlənmir. Bir sıra mallarda qalxmalar hiss olunurdu və çox təəssüflər olsun ki, yarmarkalar heç də məsələnin həllinə aparmır. Çünki birinci növbədə yarmarkadan o adam mal alır ki, onun sanitariyadan bilikləri yoxdur. Oradakı insanlara gedib baxsanız, görərsiz ki, şor-pendir satanların heç əl-üz yumağa da yeri yoxdur. Oraya ucuz mal almaq üçün öz həyatlarını risk altında qoyan adamlar üz tuturlar".
"Monitorinqlər göstərir ki, yarmarkalar ümumiyyətlə bazarlardan çox da fərqlənmir. Onlar küçə satışına bənzəyir və onları təkmilləşdirmək lazımdır", —deyə mütəxəssis qeyd edib.
E. Hüseynov eləcə də bayram günlərində əhalini daha ehtiyyatlı olmağa çağırıb. Onun sözlərinə görə, ölkə ərazisində xeyli sayda saxta məhsullar satılır: "Bundan başqa, onların üzərində düzgün olmayan məlumatlar yazırlar. Məsələn, üzərində 100 ədəd yazılan salfetin içərisində cəmi 60-70 ədəd salfet olur".