Hikmət Orhun, Sputnik Azərbaycan
BAKI, 14 mart-Sputnik. Qazaxın Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndində yaşlı ər və arvad baltalanaraq öldürülüb. Hadisə martın 12-dən 13-ə keçən gecə baş verib. Qətlə yetirilən 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanova evdə tək olublar. Onlar bu gün Cəfərli kənd qəbiristanlığında torpağa tapşırılıblar.
Hadisə yerinə çatandan bizi qarşılayan mərhumun qızı Məlahət Həsənovanın verdiyi məlumata görə, hadisədən ilk olaraq onların qonşuları — hazırda polis bölməsində dindirilmədə olan Nərminə xanım xəbər tutub: "Qonşu zəng elədi, dedi ki, Dünya, analığınız rəhmətə gedib. Atamızı bilmədik. Axşamüstü, təxminən saat 8-də gəlib, evə keçmək istəyəndə polislər buraxmadılar ki, daravazaya əl vurmayın, araşdırma gedir, atanız da ölüb".
O qeyd edib ki, atası səs-küy sevmədiyindən kənddə qonşuları ilə belə əlaqə saxlamayıb. Odur ki, onun kiminləsə düşmənçiliyinin olmasına inanmırlar: "Nə qızlarının, nə oğlunun, nə özlərinin bir düşməni, sözləşdiyi adam olmayıb. Öz sakit həyatlarını yaşayan insanlar olublar. Ona görə də, heç kimdən şübhələnə bilmirik. Kiməsə şər atıb, günah sahibi olmaq istəmirəm".
Mirvari Osmanova da bacılarının sözünü təqdiqləyib. O, bildirib ki, sonuncu dəfə yanvar ayında görüşdükləri ata-anaları təqaüd alandan-alana kəndin arasında görünər, sonra da evə çəkilib, qapını bağlayıb, səssiz-küysüz yaşayarmışlar: "Qonşuyla söz alıb, söz verməyən adamlar idilər, təqaüdlərini alıb, bazarlıqlarını eləyib, yeyib-içib öz damlarının altından çıxmazdılar. Sonuncu dəfə üç ay qabaq bayramda görüşmüşdük. Atam kür adam idi, uşağın, böyüyün sözünü götürməzdi, ona görə də tək yaşamağı sevirdi. Oğlu Əkbər Osmanov isə Moskvada yaşayır".
Nəriman kişinin və Dünya xanımın ölümünün səbəbləri haqqında hər hansı bir məlumat olmasa da, izlər onları qətlə yetirənlərin evə qarət zəminində daxil olduğunu göstərir: "Evə həyətin girişində quraşdırılan sayğacdan işıqları söndürüb, qapının şüşəsini sındıraraq keçiblər. Balta ilə vurub, daha da işgəncə vermək üçün simlə, vintaçanla boğazlarını deşiblər. Tam ölmələri üçün ağızlarına yastıq tutub, otağı tərk ediblər. Evdən hər hansı bir əşya aparılmasa da, evin bütün əşyalarını dağıdıblar. Babamın şalvarının cibindən cəmi 20 qəpik pul çıxdı. Güman ki, onun üstündə olan bütün pulları götürüblər, başqa heç nə", — deyə mərhumun nəvəsi Gülşən Abbasova bildirib.
Sakinlər bu cür hadisənin kənddə birinci dəfə olduğunu, hələ də nə baş verdiyini doğru-dürüst başa düşə bilmədiklərini deyiblər. Onların fikrincə, ola bilsin, qatil kənddəndir. Amma ilk dəfə belə hadisə baş verdiyindən, hamı şokdadır. "Kim törədə bilər axı?! Hansı məqsədlə?! Şəhid vermişik, canımızdan can gedib, amma bu cür hadisə ilə qarşılaşdığımız olmayıb" — deyə kənd sakinlərindən biri bildirib.
Qeyd edək ki, Qazağın Cəfərli kəndi Ermənistanla sərhəddə yerləşir. Ehtimal var ki, Nəriman Osmanovu həyat yoldaşı ilə birlikdə öz evində qətlə yetirənlər, qonşu erməni kəndinin sakinləri olsun. Əvvəllər belə bir hadisə baş verməsə də, hər halda, bu, kənd sakinlərinin fikridir. Bununla yanaşı bir fikir də var ki, hadisəni ailəni yaxından tanıyan insanlar törədib. Moskvada yaşayan oğlanları Əkbər Osmanov ara-sıra onlara dolanışıq üçün pul göndərirmiş.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.