BAKI, 14 mart — Sputnik. Bu gün kökəlmə dünyada qlobal problemə çevrilib. Bu problemin böyüməsində səbəb nədir və bundan necə qurtulmaq olar?
Bildirək ki, köklük (piylənmə) alınan kalori miqdarının xərclənən kalori miqdarından çox olması nəticəsində bədəndə yağ miqdarının artmasıyla nəticələnən bir xəstəlikdir.
Piylənmə bədəndə bir çox narahatlığa gətirib çıxarar
Qidalarla alınan enerji, xərclənən enerji miqdarından çoxdursa, kökəlmə ortaya çıxır. Köklük (piylənmə) bədəndə bir çox narahatlığa gətirib çıxarır. Xüsusilə ürək və damar narahatlıqları — bunlar həyati təhlükə yaradan vəziyyətlərdir. Bunun xaricində hormonal pozğunluqlar, həzm və tənəffüs sistemi xəstəliklərinin meydana gəlməsində çox əhəmiyyətli bir faktordur.
Oturaq həyat tərzinə çox üstünlük verənlər…
Kökəlmənin səbəbləri, zərərləri və müalicəsi ilə əlaqədar tibbi ekspert Rasif Bağırov Sputnik-ə açıqlamasında deyib ki, kökəlmənin əmələ gəlmə səbəblərindən biri hərəkətsizlikdir: "Oturaq həyat tərzinin hərkətlə nisbətində uyğunluq olmadıqda insanlarda kökəlməyə meyllilik, kökəlmə olur. Oturaq həyat tərzinə çox üstünlük veriləndə kökəlmə baş verir. Burada genetik meyllilik də var. Müəyyən dönəmdə həmin insanlarda çox güclü şəkildə kökəlmə prosesi başlayır".
"Digər səbəb qidalanma rejimindən qaynaqlanır. Qidalanma rejimində daha çox enerji yaradan qida məhsullarından həm şirin həm yağlı yeməklərə daha çox üstünlük veriləndə belə insanlarda kökəlməyə meyllilik çox olur", —deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, müxtəlif tipli qidalara üstünlük verməyəndə, yəni daim eyni tipli yeməklər qəbul edəndə, tez sorula biləcək qida məhsullarına ("fast food") üstünlük veriləndə kökəlmə prosesi baş verir.
Duzlu qidalardan çox istifadə etməyin!
Ekspert əlavə edib ki, bəzən insanlar çox səhv addımlar atırlar: "Görürsən, səhər, günorta yemir, axşam oturur səhər və günortanın əvəzini yeyir. Bu zaman da insan daha tez kökəlir, nəinki səhər, günorta, axşam yeyəndə. Bundan başqa, duzlu qidaların daha çox qəbul olunması kökəlməyə gətirir. Çörək məhsullarımızın böyük əksəriyyətində duzun miqdarı normadan çox olur. Meyvə-tərəvəz məhsullarından az istifadə olunanda kökəlmə baş verir. Çünki, meyvələrdə təbii vitaminlər olur. Vitaminlər bədəndə mübadilə prosesini sürətləndirdiyinə görə insanda kökəlmənin qarşısını müəyyən qədər alır".
İlk növbədə ürək-damar sistemi xəstəliklərinə yol açır
R. Bağırovun sözlərinə görə, piylənmələr bədəndə ağır xəstəliklərə yol açır: "İlk növbədə ürək-damar sistemi xəstəliklərinə (infakt, insult və s.) yol açır. Şəkər xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Sklet əzələlərində dərialtı toplanmış piylərlə qarın nahiyəsində toplanmış piylər bir az fərqlidir. Qarın nahiyəsində toplanmış piylər qan dövranı və sinirlərlə zəngin olduğuna görə daim qaraciyəri yağ turşuları ilə yüklənməyə məcbur edir. Yağ turşuları qaraciyərdə həddindən artıq yüklənəndə, bu, şəkərli diabetə yol açır. Eyni zamanda, mərkəzi sinir sistemi ilə bağlı xəstəliklərin inkişafına səbəb olur".
İstirahət, hərəkət və qidalanma rejimi düzgün tənzimlənərsə…
Ekspert bildirib ki, bu gün kökəlmə dünyada qlobal bir problemə çevrilib: "İnsan istirahət, oturaq, hərəkət və qidalanma rejimini düzgün tənzimləyərsə bu prosesdən qurtula bilər. Adətən bütün bunların tənzimlənməsi insanda iradə tələb edir. Kimdə iradə varsa, heç olmazsa, bunları 50-60 faiz tənzimləyə bilirsə, kökəlmənin qarşısını almaq olar.
Onun fikrincə, ümumiyyətlə qida məhsullarına tam qadağa qoymaq da düzgün deyil: "Çünki, ətin zülalını orqanizm qəbul etməyəcəksə, mərkəzi sinir sistemi və digər daxili orqanların zülal balansının pozulması heç də insana xeyirli bir şey vəd etmir. İnsan orqanizminin enerjisinin 80 faizi, əgər şəkər vasitəsilə həyata keçirilirsə, sən də de ki, mən şəkər qəbul etmirəm, istəmirəm. Bu, şəkər xəstəliyi yaxud kökəlmə yarada bilər. Bunlar da düzgün deyil".
Arıqlamağın da özünün qaydaları var
Həmsöhbətimizin dediyinə görə, insan orqanizmi üçün lazımlı olan qidalar normasında qəbul edilməli və ona da uyğun hərəkət edilməlidir: "Bu gün süni şəkildə özlərini arıqladanlar var. Bəli, arıqlamaq yaxşıdır. İlk növbədə çalışmaq lazımdır, heç kökəlməyəsən ki, sonradan arıqlamağa məcbur olasan. Çünki, o proseslərin özü də hormonal pozğunluqlara gətirib çıxarır. Çünki, arıqlamağın özünün qaydaları var".
"Bir ay ərzində insan nə qədər arıqlaya bilər? Bunun öz norması var. Birdən-birə bunu etmək olmaz. Təsəvvür edin ki, bir ay ərzində 15 faizdən artıq arıqlamaq orqanizmdə hormonal pozğunluqlara gətirib çıxardır. Ona görə də arıqlamağın özünün qaydaları var. İnsan çalışmalıdır ki, lazımi qədər qida qəbul edib, lazımi qədər hərəkət etsin", —deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, kökəlmənin özünün indeksləri var: "Buna çəki indeksi deyirlər. 18-25 arasında normal gedir. 25 ilə 30 arasında o indeks olursa, buna artıq çəki deyilir. 30-35 arasında olanda buna 1-ci dərəcəli piylənmə deyilir. 35-40 arasında olanda 2-ci dərəcli piylənmə və sonra 3-4-cü dərəcəli piylənmələr olur. Bu, həddindən artıq piylənmə hesab edilir".