CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki dinə qulluq edən qadın – gözəgörünməzlə qəribə rabitə

© Sputnik / Azer AliyevZinaida nənə
Zinaida nənə - Sputnik Azərbaycan
Abunə olmaq
İmişlidə yaşayan Ukrayna əsilli Zinaida nənənin həyatı tam bir romanı xatırladır. Qadın müsəlman qaydası ilə namaz qılır, oruc tutur, məscidə gedir. Amma çarpayısının baş tərəfində İsa peyğəmbərin ikonasını asıb və gecələr xaç çəkir...

Ayaz YAŞILYARPAQ, Sputnik Azərbaycan

BAKI, 12 mart — Sputnik. "Pasportumda milliyyətimi "rus" qeyd ediblər. Əslində atam tatar, anam isə ukraynalı olub. Qızlıq soyadım Klimenovadır. Sonralar ərlərimin soyadını götürmüşəm: Medvedyeva, Əsədova, Limanova. Mən özümü həm müsəlman, həm də xristian hesab edirəm. Eyni vaxtda hər iki dinin şərtlərinə uyğun ibadət edirəm".

Bu məbəddə əvvələr də xristian və müsəlmanlar ibadət edirdilər - Sputnik Azərbaycan
Azərbaycanın bu bölgəsində müsəlmanlarla xristianlar birgə ibadət edirlər

İmişli şəhərində yaşayan 78 yaşlı Zina nənənin (Zinaida) həyat hekayəsini dinlədikcə xeyli sayda belə qarışıq və ziddiyyətli faktlar eşitməli olursan. Azərbaycan dilində bir qədər çətin və qüsurlu danışır. Amma aydın və şirin diksiyası var. Ondakı hafizəyə adam heyran qalır — 60-70 il əvvəl baş verənləri yerli-yataqlı xatırlayır…

"Atam iki müharibənin iştirakçısı olub"

"Valideynlərim sovet hakimiyyəti yenicə qurulan vaxtlarda Rusiyanın müxtəlif yerlərindən Azərbaycana göndəriliblər — atam Yeqor mütəxəssis, anam Darya isə gənc komsomlçu kimi. Onlar Jdanovda (indiki Beyləqanda — A.Y.) tanış olub, evləniblər", —deyir.

Atası anasından 22 yaş böyük olub: "Suvarma kanallarının qazıntısı işinə cəlb edilsə də, əslində Yeqor hərbçi olub. Rusiyada vətəndaş müharibəsi dövründə Budyonnının qvardiyasına qoşulubmuş. İkinci dünya müharibəsi başlananda onu cəbhəyə göndəriblər. Stalinqrad azad olunanda qısa müddətə evə buraxılıb".

O vaxt Zinanın 5 yaşı olub: "Hər halda tam xatırlamıram. Yenidən cəbhəyə qayıdandan sonra ondan xəbər çıxmayıb. Əvvəl itkin düşməyi, illər sonra isə həlak olmağı barədə məlumat verildi".

"O vaxt Daşburunda nə vardı ki…"

Klimenovlar ailəsində səkkiz uşaq dünyaya gəlib. Zinaida evin sonbeşiyidir. İndi həmin ailədən yeganə sağ qalan da odur.

"1938-ci ildə Jdanovda doğulmuşam. Sonradan ailəmiz Daşburun stansiyasına köçüb və məktəbə orada getmişəm. Çox yaxşı oxuyurdum, qiymətlərimin əksəriyyəti "əla" idi. Yeddillik məktəbi bitirib Bakıya getdim, sənədlərimi dəmiryolu məktəbinə verdim. Bu seçimi etməkdə anamın dəmir yolunda işarəverən, qatar bələdçisi işləməyi də rol oynayıb", —deyir nənə.

Onun sözlərinə görə, Bakıda təhsil alarkən evdən heç bir köməklik olmayıb: "Dövlət mənə geyim də verib, yemək də, yataqxanada yerlə də təmin edib. Əlaçı tələbə olduğumdan təqüdüm də yüksək idi. Ona görə "kanikulda" evə əlidolu gəlirdim. O vaxt Daşburunda nə vardı ki…".

"Anam məni zorla sevmədiyim adama ərə verdi"

İş məsələsi çətinliklə həll olunur. Ona Qaryagin (indiki Füzuli — A.Y.) rayonuna göndəriş verilsə də, burada uyğun boş yer olmadığından işə götürülmür. Deyir, bir neçə ay Daşburun stansiyasındakı poçtda şagird kimi çalışıb.

1956-cı ildə 6 saylı Rabitə və İşarəvermə Distansiyası Daşburundan İmişliyə köçürüləndə, 18 yaşı hələ tamam olmayan gənc qız bu rayona gəlməli olur. Bir il keçməmiş İmişlidə yaşayan Konstantin İvanoviçə ərə gedib.

© Sputnik / Azer AliyevQızlıq soyadı Klimenova olan Zinaidə nənə sonralar ərlərinin soyadını götürüb: Medvedyeva, Əsədova, Limanova.
Qızlıq soyadı Klimenova olan Zinaidə nənə sonralar ərlərinin soyadını götürüb: Medvedyeva, Əsədova, Limanova - Sputnik Azərbaycan
1/6
Qızlıq soyadı Klimenova olan Zinaidə nənə sonralar ərlərinin soyadını götürüb: Medvedyeva, Əsədova, Limanova.
© Sputnik / Azer AliyevKlimenovlar ailəsində səkkiz uşaq dünyaya gəlib. Zinaida evin sonbeşiyidir. İndi həmin ailədən yeganə sağ qalan da odur.
Klimenovlar ailəsində səkkiz uşaq dünyaya gəlib. Zinaida evin sonbeşiyidir. İndi həmin ailədən yeganə sağ qalan da odur - Sputnik Azərbaycan
2/6
Klimenovlar ailəsində səkkiz uşaq dünyaya gəlib. Zinaida evin sonbeşiyidir. İndi həmin ailədən yeganə sağ qalan da odur.
© Sputnik / Azer Aliyevİki dəfə uğursuz ailə quran Zinaidə sonda xoşbəxtliyini köhnə məhəbbəti — Yevgeniy Fyodrovidə tapır.
İki dəfə uğursuz ailə quran Zinaidə sonda xoşbəxtliyini köhnə məhəbbəti — Yevgeniy Fyodrovidə tapır - Sputnik Azərbaycan
3/6
İki dəfə uğursuz ailə quran Zinaidə sonda xoşbəxtliyini köhnə məhəbbəti — Yevgeniy Fyodrovidə tapır.
© Sputnik / Azer AliyevZina nənənin övladlarından ikisi İmişlidə, dördü isə Rusiyanın müxtəlif şəhərlərində yaşayır.
Zina nənənin övladlarından ikisi İmişlidə, dördü isə Rusiyanın müxtəlif şəhərlərində yaşayır - Sputnik Azərbaycan
4/6
Zina nənənin övladlarından ikisi İmişlidə, dördü isə Rusiyanın müxtəlif şəhərlərində yaşayır.
© Sputnik / Azer AliyevNə qədər qəribə səslənsə də, o, özünü həm müsəlman, həm də xristian dininə mənsub hesab edir.
Nə qədər qəribə səslənsə də, o, özünü həm müsəlman, həm də xristian dininə mənsub hesab edir - Sputnik Azərbaycan
5/6
Nə qədər qəribə səslənsə də, o, özünü həm müsəlman, həm də xristian dininə mənsub hesab edir.
© Sputnik / Azer AliyevZina nənə həm "Qəhrəman ana", həm də "Əmək qəhrəmanı" medalına layiq görülüb.
Zina nənə həm Qəhrəman ana, həm də Əmək qəhrəmanı medalına layiq görülüb - Sputnik Azərbaycan
6/6
Zina nənə həm "Qəhrəman ana", həm də "Əmək qəhrəmanı" medalına layiq görülüb.
1/6
Qızlıq soyadı Klimenova olan Zinaidə nənə sonralar ərlərinin soyadını götürüb: Medvedyeva, Əsədova, Limanova.
2/6
Klimenovlar ailəsində səkkiz uşaq dünyaya gəlib. Zinaida evin sonbeşiyidir. İndi həmin ailədən yeganə sağ qalan da odur.
3/6
İki dəfə uğursuz ailə quran Zinaidə sonda xoşbəxtliyini köhnə məhəbbəti — Yevgeniy Fyodrovidə tapır.
4/6
Zina nənənin övladlarından ikisi İmişlidə, dördü isə Rusiyanın müxtəlif şəhərlərində yaşayır.
5/6
Nə qədər qəribə səslənsə də, o, özünü həm müsəlman, həm də xristian dininə mənsub hesab edir.
6/6
Zina nənə həm "Qəhrəman ana", həm də "Əmək qəhrəmanı" medalına layiq görülüb.

"Kolya ilə sevgi macəramız olmayıb. Ona ərə getməyə məni anam məcbur etdi. Ukraynalı qadınlarda övladlarına təsir etmə xasiyyəti var. Etiraf edim ki, uşaqlarıma münasibətdə məndə də belə olub", —deyir Zina nənə.

Kolya ilə xoşbəxt olmur: "Nə gizlədim, mehriban yaşamadıq. İşləməyimə razı olmurdu. Bir il evdə qalandan sonra dava-dalaşla İmişlidəki rabitə qovşağında telefonçu işinə düzəldim. 1963-cü ildə Kolyanın işi ilə bağlı Sumqayıta köçməli olduq. Oradakı poçtda da bir az işlədim. Sonra ayrılmaq qərarına gəldim. İmişliyə qayıtsaydım, anam məni rahat buraxmayacaqdı. Ona görə 1 və 4 yaşlı uşaqlarımı götürüb Rostova qaçdım. Orada nənəm və xalalarım vardı. İki ildən artıq qala bilmədim, yenidən İmişliyə qayıtdım".

Gecikmiş "Vağzalı"…

Yenə qatarda… Gənc qadını Rostovdan Bakıya kimsə zorən yollamırdı. Doğulduğu torpaq, tanıdığı insanlar və qaynar həyat çəkirdi onu. Zinaidanın ömür qatarı beləcə dəmir relslər üzərində, ya da onların uğultulu səsi içində keçib. Bəlkə də bu, onda dəmir iradə formalaşdırıb.

Nailə xala, qızı və iki nəvəsi ilə Bakıxanovda kirayədə yaşayır - Sputnik Azərbaycan
"Qızım kiminləsə gəzsə, uşaqlarına da baxmağa imkanı olar"...

Daha İmişli də Zinaida üçün yad yer deyildi. Onu tanıdıqlarından, işinə bələd olduqlarından dəmiryolu idarəsinin rabitə və işarəvermə distansiyasına işə düzəlmək çətin olmur. O vaxt İmişlidə xeyli sayda dəmir yolu müəssisəsi yaradılmış və yerli adamlar da işə götürülmüşdü.

İmişlili dəmiryolçu Sədulla Əsədovla tanışlıqları dostluğa, ardınca isə evliliyə çevrilir: "Sədulla məndən 15 yaş böyük olsa da, evlənməmişdi. Məni iki uşağımla birgə qəbul etdi. İzdivacımıza ailə üzvlərinin razı olması üçün mən müsəlmanlığı qəbul etdim. Həm şəriət qaydasına uyğun kəbinimiz kəsildi, həm də nikahımız rəsmi qaydada qeydə alındı. Hətta toyumuz da oldu. "Vağzalı" ilə gəlin köçdüm".

Amma anası yenə onu rahat buraxmır: "Bizi yola vermirdi. Bəlkə də uşağımız tələf olmasaydı, birgə yaşayışımız pozulmazdı. Anamın təkidli tələbi ilə iki il sonra boşanmaq üçün ərizə verməli odum. Məhkəmədə göz yaşı içində ayrıldıq. Sədulla yaxşı insan idi. Ayrılandan sonra da mənə uşaqlarımı bağçaya aparmağa kömək edirdi. Çoxdan vəfat edib. Allah ona rəhmət eləsin".

Atalar üçdən deyib

Zina nənə zarafatından da qalmır: "Azərbaycanlıların tez-tez işlətdiyi sözdür: "Atalar üçdən deyib". Mənim uğurlu ailə qurmağım da üçüncü dəfədə oldu. Düzü, daha ərə getmək barədə düşünmürdüm. Başımı aşağı salıb işimi görür, uşaqlarımı böyüdürdüm".

Bir gün köhnə məhəbbəti — Yevgeniy Fyodroviç qapılarını döyüb: "Dedi, "daha bəsdir ona-buna ərə getdin. Hamıya demişəm ki, sən mənim olacaqsan". O, həqiqətən məni sevirdi. Birgə yaşadığımız otuz il ərzində mənə heç vaxt əl qaldırmayıb. Hətta məni öz adımla da çağırmayıb, "mamoçka", "mamuliçka" deyirdi".

"Hər əsgər ölümü mənə Seryojamı xatırladır"

ВС Азербайджана нанесли по позициям противника 126 огневых ударов - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan əsgəri şəhid olub

Sonuncu nigahdan 5 uşaq doğulur. Onlardan biri — Sergey Azərbaycan Ordusunda xidmət keçərkən vəfat edib. Zina nənə həyatda ən böyük sarsıntısının da məhz bu gənc oğlunun ölümü ilə bağlı olduğunu deyir: "Bircə ondan toxtaqlıq tapıram ki, oğlumu əsgərə layiq şəkildə dəfn etdilər. Həyətdə böyük izdiham vardı, rayonun bütün hörmətli şəxsləri ilə yanaşı, Bakıdan və başqa yerlərdən başsağlığı verməyə gəlmişdilər. Dəfni və hüzür xərcini yerli icra hakimiyyəti çəkdi. Ətrafımızda bu qədər adam olmasaydı, bəlkə də özümüzü ələ ala bilməzdik. Nə vaxtsa bir əsgər ölümü ilə bağlı xəbəri eşidəndə Seryojamı xatırlayır və kövəlirəm…"

"Yenidən yetim qalmışam"…

Zina nənənin övladlarından ikisi İmişlidə, dördü isə Rusiyanın müxtəlif şəhərlərində yaşayır. Buradakı qızı hər ay gəlib ev-eşiyini yığışdırır, paltarlarını yuyur. Yaxında olanları tapmaq, onların sorağını almaq rabitəçi üçün elə də çətin deyil.

Qarı uzaqda yaşayan doğmaları üçün darıxdığını deyir: "Nikolay və Andrey Tverdə, Lena və Boris Rostovdadır. Əvvəllər mən gedib-gələ bilirdim. Son 4 ildə səhhətimə görə uzaq yola çıxa bilmirəm. Heç onlar da gəlmir, aradabir zəng edirlər. Deyirəm sizdən yardım istəmirəm, şükür Allaha, çörəyim, suyum var. Bircə səsinizi eşidim, bilim necəsiniz. Tənha yaşayandan bəri təzədən yetim qalmışam".

Xaç anası

Zina nənə həm "Qəhrəman ana", həm də "Əmək qəhrəmanı" medalına layiq görülüb. Evində çoxlu fotoalbomu var. Tez tapa bilməsi üçün şəkilləri qruplaşdırıb. Bəzi korlanmış şəkilləri ayrıca saxlayır. Yaxın vaxtlarda onları fotostudiyada bərpa etdirmək niyyətindədir.

İmişlidə təzəcə işə başladığı vaxt çəkilmiş bir şəkli göstərib dərindən köks ötürür: "Baxın, gördüyünüz bu 14 nəfərdən bircə sağ qalan mənəm, hamısı bu dünyadan köçüb".

Bəzi şəkillərdə o, ailə quran cütlüyün barmağndakı üzükləri bir-birinə bağlayan lenti qayçı ilə kəsən vəziyyətdə görünür: "Mən 10 nəfərədək belə gəncin xaç anasıyam".

Namaz da qılır, xaç da çəkir

Nə qədər qəribə səslənsə də, o, özünü həm müsəlman, həm də xristian dininə mənsub hesab edir. "Quran"ı da, "İncil"i də oxuyur. Müsəlmanlar kimi namaz qılır, oruc tutur, məscidə gedir. Amma çarpayısının baş tərəfində İsa peyğəmbərin ikonasını asıb və gecələr xaç çəkir.

İmişlidəki rusdilli ailələrin yas məclisini aparır. Bəzi ümidsiz xəstələr də onun qapısını döyür. Qarı belələri üçün Allahdan şəfa diləyir. Vaxtilə şəhərlər, adamlar arasında əlaqə yaradan keçmiş telefonçu, indi də insanlarla gözəgörünməz qüvvə arasında rabitə yaratdığını düşünür…

Xəbər lenti
0