BAKI, 11 mart — Sputnik. Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Güləş federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.
Çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.
61 kq-da mübarizə aparan ikiqat Dünya çempionu Hacı Əliyev rəqiblərinə bir xal belə vermədən əvvəlcə Litvadan Sarinas Jurcisi, ardınca Bolqarıstandan Vladimir Dubovu mübarizədən kənarlaşdırıb. Yarımfinalda London Olimpiadasının gümüş medalçısı gürcü Vladimir Xinçeqaşvili ilə gərgin keçən görüşdə rəqib üstün olub. Hacı Əliyev Ermənistan təmsilçisi Valodya Franqulyanla bürünc medal uğrunda həlledici görüşə çıxıb. Qarşılaşmada rəqibinə bir xal belə vermədən üstün olan güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub.
74 kq çəkidə yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov ilk görüşündə gürcü Jakob Maxaraşvilini təmiz qələbə ilə məğlub edib. Növbəti görüşdə gürcü əsilli Ukrayna təmsilçisi Giya Çixladzedən də üstün olan güləşçimiz yarımfinalda Bolqarıstan təmsilçisi Miroslav Kirovla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən Cəbrayıl adını finala yazdırıb. Finalda güləşçimiz Türkiyə təmsilçisi Soner Demirtaşa minimal hesabla məğlub olaraq çempionatın gümüş medalına yiyələnib.
Beləliklə:
55 kq
1/4 final — Alyona Kolesnik — Simona Pricob (ROU) 0:6
61 kq
1/8 final — Sarinas Jurcis (LTU) — Hacı Əliyev 0:11
1/4 final — Hacı Əliyev — Vladimir Dubov (BUL) 11:0
1/2 final — Hacı Əliyev — Vladimer Xinçeqaşvili (GEO) 2:4
Bürünc medal görüşü — Valodya Franqulyan (ARM) — Hacı Əliyev 0:7
74 kq
1/8 final — Jakob Maxaraşvili (GEO) — Cəbrayıl Həsənov 0:5 (tuşe)
1/4 final — Giya Çixladze (UKR) — Cəbrayıl Həsənov 3:4
1/2 final — Cəbrayıl Həsənov — Miroslav Kirov (BUL) 10:0
FİNAL — Cəbrayıl Həsənov — Soner Demirtaş (TUR) 1:2