BAKI, 10 mart — Sputnik. İran hökuməti İraqın şimalındakı regional Kürd rəhbərliyinə, bölgə neftini dünya bazarına İran şirkətlərinin çıxarmasını təklif edib. Baxmayaraq ki, 1 il öncə qəbul olunmuş qərarla kürd rəhbərliyi bu işi türk şirkətlərinə həvalə etmişdi.
Sputnik Timeturk-ə istinadən bildirir ki, sözügedən təklifi kürd rəhbərliyinə İranın Süleymaniyədəki baş konsolu Səidullah Məsudi çatdırıb. Məsələ ilə nə Bağdad, nə də Tehran tərəfi hələlik açıqlıq gətirib.
Mövzu ilə bağlı Sputnik-ə açıqlama verən Bakı Dövlət Uniiversitetinin (BDU) siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov, İraq dövlətinin Türkiyə ilə İran arasında siyasi, iqtisadi, mədəni sahələrdə mübarizə meydanı olduğunu deyib: "Xəbər saytlarında İraq neftinin İran vasitəsi ilə dünya bazarına çıxarılacağı haqda danışıqlar aparıldığı bildirilir. Lakin bu xəbər hələ ki rəsmi təsdiqini tapmayıb. Bildiyimiz kimi, İraq Türkiyə ilə İran arasında siyasi, iqtisadi, mədəni sahələrdə mübarizə meydanıdır. Məhz İranın təsiri nəticəsində Türkiyə İraqın Basiqa bölgəsində hərbi fəaliyyətini məhdudlaşdırmağa məcbur oldu. Digər tərəfdən regionda İraq Kürdüstanı rejiminin ən yaxın müttəfiqi Türkiyədir və ən çətin zamanlarda Türkiyə dövləti Bərzanilərin yanında olub".
"Bu iki əməkdaş regionda bölgədə tarazlaşdırılmış və bir-birini tamamlayan siyasət yeridir. İndiki halda Kürd administrasiyası birmənalı şəkildə Türkiyənin iqtisadi maraqlarına ciddi şəkildə ziyan vuracaq hərəkətlərə razı olmayacaq".
Politoloq Türkiyə ilə Kürdüstan rejimini bir-birinə bağlayan faktorun təkcə neftdən ibarət olmadığını da bildirdi: "Türkiyə ilə Kürdüstan rejimini bir-birinə bağlayan təkcə neft ixracı deyil. Bu əlaqələr siyasət və iqtisadiyyatın bütün sahələrini əhatə edir və onu zəiflətmək bu gün İraq Kürdüstanının maraqları xaricindədir. İraq Kürdüstanı üçün regionda Türkiyəni əvəz edə biləcək ikinci bir dövlət hələ ki yoxdur".