BAKI, 10 mart — Sputnik. Qax rayonunun mərkəzini onun kəndləri ilə birləşdirən Kürmük çayı üzərindəki yeganə körpü qəzalı vəziyyətdədir. Sputnik-in bölgə müxbiri xəbər verir ki, bir vaxtlar Qax şəhərinə Şəki istiqamətindən yeganə giriş vasitəsi olan körpü hər an uça bilər.
Şəki-Qax yolu yenidən inşa olunarkən Kürmük çayı üzərindən salınan yeni körpü gediş-gəlişi xeyli asanlaşdırsa da, köhnə körpü əhəmiyyətini tam olaraq itirməyib. Həmin körpü rayon mərkəzi ilə kəndlər arasında məsafəni xeyli qısaltdığından ondan indi də geniş istifadə olunur.
Bu körpünün bir üstünlüyü də başlanğıcını dağ silsiləsindən götürməsidir ki, bu da turistik baxımdan əhəmiyyətlidir. Həmin körpüyə yol Böyük Qafqaz dağ silsiləsi üzərindəki aşırımdan başlayır. Əsrarəngiz mənzərəsi olan bu aşırım keçmişlərdə Qax camaatının Şəki ilə ticarət əlaqələrinə şahidlik edib. Eyni zamanda el arasında qaçaq-quldurların tacirləri soyduğu yer olaraq da tarixi məşhurluğunu qoruyur. Turizmin inkişafını hədəf götürən Azərbaycanda belə tarixi və estetik əhəmiyyəti olan körpünün bilərəkdən sıradan çıxarılması yerli əhalidə narahatlıq yaradıb.
Körpünün asfalt örtüyü dağılıb, yaranan çuxurlar hərəkətə maneə yaradır. Sürücülər burada hərəkətin təhlükəli olduğunu deyirlər. Sözügedən körpünün üzərindən ağır yük maşınlarının hərəkəti isə təhlükəni bir az da artırır. Buna baxmayaraq, sürücülər həmin yoldan istifadə edirlər.
Qax rayon Yol İstismar İdarəsindən Sputnuk-ə bildiriblər ki, "istismar müddətini başa vurduğundan, həmin körpünün yük götürmə qabiliyyəti günün tələblərinə cavab vermir. Yaxınlıqda yeni körpü inşa edildiyindən, zaman-zaman Kürmük çayında baş verən daşqınlar nəticəsində zədələnən köhnə körpünün bərpasına ehtiyac duyulmur".
Körpünün üzərinə ondan istifadənin təhlükəli olduğu barədə müvafiq nişanın qoyulmaması isə rayona avtomobillə gələn qonaqlar üçün xüsusilə təhlükəlidir. Sürücülər təhlükəsizlik baxımından həmin körpüyə nişanın qoyulmasının zəruri olduğunu bildirirlər.