BAKI, 9 mart — Sputnik. Martın 7-də beynəlxalq qaçqın böhranı ilə bağlı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) — Türkiyə sammitindən gözləntilər çox olsa da, bir nəticə çıxmadı. Toplantıda avropalı liderlər Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə bu ölkənin ərazisindən Avropaya miqrantların axınının məhdudlaşdırılması məsələsini müzakirə ediblər.
Yığıncaqda Türkiyənin birliyə üzvlüyü, vizasız gediş-gəliş məsələsi də müzakirə olunub. Danışıqlarda tərəflər tam razılığa gələ bilmədiyi üçün yekun toplantı martın 18-ə keçirilib. Mövzu ilə bağlı Sputnik-in suallarını politoloq Qabil Hüseynli cavablandırıb.
- Martın 7-də Brüsseldə keçirilən Avropa Birliyi — Türkiyə zirvəsinin yekun nəticələrini necə dəyərləndirirsiz? Sizcə, tərəflər görüşdən istədiklərini tam olaraq ala bildilər?
— Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlər hələ ki problemsiz davam edir. Çünki Avropanın buna ciddi ehtiyacı var. Milyonlarla müharibə qaçqınının qitəyə keçid qapısı məhz Türkiyədən keçir. Miqrantları Türkiyədə saxlamaq üçün sosial tədbirlərə ehtiyac var ki, bunun da öhdəsindən Ankaranın təkbaşına gəlməsi qeyri-mümkündür. İndiyədək türk hökuməti qaçqınlar üçün 10 milyard dollardan çox pul xərcləyib və xərcləməkdə də davam edir. Avropanın irəli sürdüyü yardım təklifi isə cəmi 3 milyard dollardır. Üstəlik onu da gecikdirərək ödəməyi düşünürlər.
- Bu saatdan sonra Avropa İttifaqı verdiyi qərardan geriyə addım ata bilərmi?
— Avropa İttifaqı — Türkiyə danışıqlarının nəticəsinə görə 3 milyard avro türk tərəfinə dərhal ödənilməli idi, ancaq qərar öz təsdiqini tapması üçün martın 18-də keçiriləcək yekun toplantıya qaldı. Qərarda hər hansı geriyə addım olacağını güman etmirəm. Çünki razılaşmada əksini tapan müddəalar tamamilə Avropanın xeyrinədir. Orada miqrantların geriyə qaytarılması, qitəyə keçidinin əngəllənməsi məsələləri var. NATO-nun xüsusi kartelləri və hərbi gəmiləri də bu işdə rol alacaq. Bu, Avropanı dərin böhrana sürükləmiş miqrant probleminə son qoya bilər. Bunun da bütün ağırlığı Türkiyənin üzərinə düşür. Bunun müqabilində 26 Avropa dövləti 3 milyard dolları verməyəcəksə, onda onlar öz bəxtlərindən küssünlər.
- Sammitdə Türkiyənin Avropa Birliyinə üzvlük və vizasız gediş-gəliş məsələsi də müzakirə olundu. Lakin yekun nəticə əldə olunmadı. Martın 18-də keçiriləcək yığıncaqda bununla bağlı müsbət nəticə çıxma ehtimalı nə qədərdir?
— Ayın 18-i Brüsseldə viza sistemi məsələsi həll olunacaq. Türkiyə vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişi təmin ediləcək. Üstəlik Türkiyənin Avropa Birliyinə qəbul olunma məsələsi xeyli sadələşdiriləcək. Türkiyə üçün ayrılmış "yol xəritəsi"ndə müəyyən düzəlişlərin edilməsi və Türkiyədən tələb olunan müddəaların bir qisminin ixtisara salınması nəzərdə tutulur ki, buna da Avropa Birliyi könüllü surətdə razılıq verir. Zənnimcə, hər şey martın 18-də keçiriləcək yekun toplantıda həll olunacaq. Bunun başqa yolu da yoxdur.
- Fransa və Almaniya, Türkiyənin Avropa Birliyinə qəbul olunmasını heç cür istəmir və qəbul etmir. Rəsmi Ankara son qaçqın böhranından istifadə edib Fransanı yola gətirə bilərmi?
— Türkiyənin Avropa Birliyinə girməsini hər dəfə əngəlləyən Fransa olub. Hazırda vəziyyət çox fərqlidir. Fransa yeni miqrant axınının qarşısını almaq üçün Türkiyənin AB-yə daxil olmasına və miqrant problemini Ankaranın öz üzərinə götürməsinə məmnuniyyətlə razı olacaq. Almaniya müəyyən tələblər irəli sürüb, lakin indi həmin tələblərin demək olar ki, hamısını geriyə çəkib. Hazırda Türkiyənin birliyə üzv seçilməsi üçün lobbiçilik edən ölkələrin başında məhz Almaniya durur. Çünki Almaniya bu saat miqrantların əlində əsirə dönüb. Bəzi şəhərlərdə miqrantlarla polis arasında əməlli qarşıdurmalar yaşanır. Yerli əhali ilə qaçqınlar arasında münasibətlər çox gərgindir. Bir sözlə, Avropa Türkiyə ilə yola getməyə, yaxşı dolanmağa məcburdur.