BAKI, 7 mart — Sputnik. Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) — Türkiyə sammiti keçiriləcək. Sputnik euronews.com-a istinadən xəbər verir ki, sammitin əsas mövzusu qitədəki miqrasiya böhranı olacaq.
Sammit öncəsində Almaniya kansleri Angela Merkel rəsmi Ankara qarşısında qoyacağı məsələləri dilə gətirib. Yığıncaqda qaçqınlarla bağlı vəziyyəti həll etmək üçün Türkiyəyə birdəfəlik 3 milyard avro ödəniş edilməsi məsələsi nəzərdən keçiriləcək. Avropalı liderlər Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə bu ölkənin ərazisindən Avropaya miqrantların axınının məhdudlaşdırılması məsələsini müzakirə edəcəklər.
Qeyd edək ki, 2011-ci ildən bu günədək Suriyada davam edən müharibə səbəbilə Türkiyə təkbaşına 3 milyon, İordaniya 2.5 milyon, Livan 2 milyon, ümumilikdə Avropa qitəsi isə cəmi 1 milyona yaxın qaçqını qəbul edib. Avropa İttifaqının 17 dövlətdən ibarət olduğunu nəzərə alsaq, hər ölkəyə heç 100 min qaçqın da düşmür.
Buna baxmayaraq birlik ölkələri bu sayın belə, onlar üçün çox olduğunu və müsəlman qaçqın qəbul etmək istəmədiklərini bildiriblər. Bu səbəblə Aİ rəsmiləri Türkiyə hökuməti ilə danışıqlar aparıb, miqrantların Avropaya keçməməsi üçün rəsmi Ankaraya 3 milyard avro verilməsinə can atırlar.
Mövzunu Sputnik-ə şərh edən millət vəkili Fazil Mustafa Brüsseldə keçiriləcək görüşdən rasional qərarlar çıxacağını gözlədiyini deyib: "Brüsseldə ciddi müzakirələr olacağını düşünürəm. Rəsmi Ankara prinsipial mövqeyini ortaya qoymalıdır, əks halda Türkiyənin bu yükü götürmək imkanı olmayacaq".
Millət vəkili, uğursuz danışıqların Avropa qitəsi üçün də ölümcül olacağını bildirib: "Əgər sammitdən ciddi nəticə çıxmasa, Türkiyə sərhəd qapılarını açıb milyonlarla qaçqını Avropaya buraxmağa məcbur qalacaq".
Onun fikrincə, bu da Avropa üçün ölümcül zərbə olar: "Ona görə də AB liderləri bir yolunu tapıb bu problemin həllinə çalışmalıdırlar. Masada başqa seçənək yoxdur. Bütün sadaladıqlarımı nəzərə alsaq, bugünkü görüşdən rasional qərarlar çıxacağını düşünürəm".